...

Azərbaycanda Gədəbəy rayonunun potensialını inkişaf etdirmək məqsədilə investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2010 19:34 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy rayonunda prioritet hesab olunan sahələr üzrə layihələri maliyyələşdirmək məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Azərbaycanda Gədəbəy rayonunun potensialını inkişaf etdirmək məqsədilə investisiya layihələrinin qəbuluna başlanılıb

Аzərbaycan, Bakı, 30 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Gədəbəy rayonunda prioritet hesab olunan sahələr üzrə layihələri maliyyələşdirmək məqsədilə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə nazirlikdən verilən məlumatda deyilir.

Avqustun 20-də Gədəbəy rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Müzakirələr nəticəsində Gədəbəy rayonu üzrə aşağıdakı sahələrin inkişafı məqsədəuyğun hesab olunub:

- Kartof saxlanılması üçün ümumi tutumu 5 min ton olan soyuducu anbar kompleksinin tikilməsi;

- Təbii mineral suları birbaşa mənbəyindən qablaşdırmaqla, illik istehsal gücü 500 min litr olan müasir tələblərə cavab verən (təbii, mineral, şirinləşdirilmiş mineral və qazlı su) su istehsalı zavodunun tikilməsi və ya yenidən qurulması;

- İllik istehsal gücü minimum 1000 ton ət və ya 10 min ton süd olan emal müəssisələrinin yaradılması;

- Kiçik və ya orta həcmli kartof emalı (kartofun təmizlənməsi və qablaşdırılması, kartof unu, çipsi və s. məhsulların istehsalı) müəssisəsinin yaradılması;

- İllik istehsal gücü 15-20 min ton olan müasir tələblərə cavab verən çörək istehsalı müəssisəsinin yaradılması;

- İllik istehsal gücü 1000 ton olan müasir standartlara cavab verən kiçik və ya orta həcmli meyvə (o cümlədən cır meşə meyvələri) emalı (meyvələrin qurudulması və konservləşdirilməsi) müəssisələrinin yaradılması;

- Arıçılığın inkişafı (o cümlədən balın sənaye üsulu ilə emalı və qablaşdırılması);

- Kartofçuluğun inkişafı məqsədi ilə toxumçuluq təsərrüfatının yaradılması.

Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172. Telefon:(012) 432-39-69. Faks: (012) 434-74-29.

e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti