Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir N.Novruzov/
Hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 320 manat təşkil edir. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun bazar ertəsi yayılan məlumatında deyilir.
"Neft sənayesində çalışmış pensiyaçıların sayı isə 25 min nəfərə yaxındır", - məlumatda deyilir.
Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən DSMF-yə neft sahəsində çalışan sığorta olunanlar üzrə ümumilikdə 67,3 milyon manat icbari dövlət sosial sığorta haqqı ödənilib.
"Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır, - DSMF-in məlumatında vurğulanır. - Şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığorta olunanların sayına, həm də icbari dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük çəkiyə malikdir".
2001-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 20 sentyabr "Neftçilər günü" elan edilib və bu tarix Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
Sentyabrın 20-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.