...

Azərbaycan Nazirlər Kabinetində 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsi və icmal büdcənin proqnozları müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2010 18:35 (UTC +04:00)
Çərşənbə günü Azərbaycanın Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
Azərbaycan Nazirlər Kabinetində 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsi və icmal büdcənin proqnozları müzakirə olunub

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Çərşənbə günü Azərbaycanın Baş naziri Artur Rasizadənin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. İclasda 2011-ci il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, Azərbaycan Respublikasının 2011-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

"2011-ci il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının müvafiq qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə əhalinin maddi rifah halının yaxşılaşdırılması, iqtisadiyyatda əldə olunan nailiyyətlərin qlobal maliyyə böhranı şəraitində qorunub saxlanması, ölkənin sosial-iqtisadi kursunun ardıcıl davam etdirilməsi zəminində, həmçinin dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilib", - bu barədə Nazirlər Kabinetinin rəsmi saytında verilən məlumatda deyilir.

Layihə hazırlanarkən dövlətin inkişaf strategiyasına və prioritet istiqamətlərə müvafiq büdcənin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə potensialının, iqtisadi qüdrətinin artırılmasına, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə və digər mühüm cəhətlərə xüsusi diqqət yetirilib.

Dövlət büdcəsinin gəlirləri 12 milyard 061 milyon manat təşkil edir. Xərclər hissəsi isə 12 milyard 748 milyon manat proqnozlaşdırılmaqla Ümumi Daxili Məhsulun (ÜDM) 31,7%-i həcmində nəzərdə tutulur.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi cari illə müqayisədə artımla proqnozlaşdırılır. Məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin həcminin artırılması ilə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət, ekologiya, kənd təsərrüfatı, sosial təminat, sosial müdafiə və digər sahələr üzrə xərclərin də artımı nəzərdə tutulur.

2011-ci il üçün icmal büdcənin gəlirləri 15 milyard 557,6 milyon manat, xərcləri isə 15 milyard 129,4 milyon manat proqnozlaşdırılır.

Konsepsiya və proqnozların hazırlanması prosesində ötən ilin yekunları və sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək amillər, o cümlədən inflyasiya meyilləri ehtimalı, neftin dünya qiymətinin gözləntiləri və s. nəzərə alınıb.

2011-2014-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanarkən beynəlxalq təşkilatların, habelə bank və maliyyə qurumlarının proqnozları, bu proqnozlara təsir edə biləcək hallar təhlil edilib. Məlum olduğu kimi, həmin beynəlxalq qurum və təşkilatların Azərbaycan iqtisadiyyatının inkişaf tempi ilə bağlı proqnozları müsbətdir. Müzakirəyə çıxarılan əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə 2011-ci il üçün ÜDM-in real artım tempi 3,8%, onun qeyri-neft sektoruna aid hissəsi 7,2%, neftin bir barelinin dünya bazar qiyməti 60 dollar, inflyasiyanın səviyyəsi isə 5% həcmində nəzərdə tutulur.

İclasa yekun vuran Baş nazir Artur Rasizadə qeyd edib ki, ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar əldə edəcəyinə əminlik yaradır.

İclasın sonunda Nazirlər Kabineti dövlət büdcəsi layihəsinin ölkə Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul edib.

2010-cu ilin dövlət büdcəsinin proqnozlarına edilən dəyişikliklərə əsasən, gəlirlər 1,49 milyard manat artaraq 11,505 milyard manat, büdcənin xərcləri isə 1,11 milyard manat artaraq 12,275 milyard manat təşkil edib.

Düzəlişlər nəticəsində büdcə kəsiri 1,249 milyarddan 770,3 milyon manata qədər azaldılıb ki, bu da dövlət büdcəsi kəsirinin ÜDM-dən 3,9 faizdən 2,3 faizə qədər azaldılması deməkdir.

Sentyabrın 22-nə olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti