...

"Azərsun Holdinq" Masazır Duz Zavoduna media-tur təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2010 14:50 (UTC +04:00)
Kütləvi informasiya vasitələri nümayəndələri "Bizim Duz" və "Azərduz" markalarının istehsal edildiyi Masazır Duz Zavodunu ziyarət ediblər. Ziyarət zamanı müxbirlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlar ilə yaxından tanış olublar. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.
"Azərsun Holdinq" Masazır Duz Zavoduna media-tur təşkil edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Kütləvi informasiya vasitələri nümayəndələri "Bizim duz" və "Azərduz" markalarının istehsal edildiyi Masazır Duz Zavodunu ziyarət ediblər. Ziyarət zamanı müxbirlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlar ilə yaxından tanış olublar. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında deyilir.

Müəssisə ilə tanışlıq zamanı jurnalistlər istehsalat, xammal əldə edilən sahələri və müasir texnologiyaların tətbiq edildiyi laboratoriyada olublar. Duzun istehsal prosesini mərhələ-mərhələ əyani şəkildə müşahidə edən KİV nümayəndələri burada ilk olaraq xammal sahəsinin, sonra isə duzun işlənmə prosesi ilə tanış olublar. Zavod mütəxəssisləri tərəfindən geniş və ətraflı şəkildə məlumatlandırılan jurnalistlərin bütün sualları cavablandırılıb.

KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izləyiblər. Onlar burada son texnologiya ilə təchiz edilmiş zavodun, istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış olublar.

Müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyada jurnalistlərə duzun yodlaşdırılması və hər bir duz kristalının ölçüsünə görə yodlaşdırılan duz nümunələri göstərilib. Yodsuz, natəmiz, keyfiyyətsiz və insan sağlamlığında təhlükəli fəsadlar yaradan duzun mənfi keyfiyyətləri ilə yanaşı, yüksək keyfiyyətli və beynəlxalq standartlara uyğun istehsal edilən yodlu duzun bir çox müsbət cəhətləri haqqında KİV nümayəndələrinə ətraflı məlumatlar verilib.

Xatırladaq ki, özünəməxsus mənzərəsi ilə gözoxşayan Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 21 iyul tarixində ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılıb. Müəssisənin açılışı Azərbaycan iqtisadiyyatında yeni bir mərhələnin başlanğıcını qoyub.

Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal etməkdədir. Dünya standartlarına uyğun yüksəksəviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodunda 130 nəfər işlə təmin edilib.

Duz zavodunun gündəlik emal gücü 100 tondur. Zavod tam gücü ilə işə düşdükdən sonra isə bu rəqəmin 300 ton olacağı nəzərdə tutulub. İldə 90 min ton ən yüksək standartlara uyğun yodlaşdırılmış duz istehsal edən zavod Azərbaycanı duz idxalçısından ixracatçısına çevirmək iqtidarındadır.

Yodlaşdırılmış, yüksək keyfiyyətli süfrə duzu olan "Azərduz" yerli bazarlarda istehlakçıların ixtiyarına verilməklə, ilk növbədə, insan sağlamlığına xidmət edir. Bir sıra hökumət və qeyri-hökumət orqanlarının ölkədaxili bazarlarda yod çatışmazlığı problemi ilə mübarizə aparmalarına baxmayaraq, adıçəkilən problemin indiyə qədər mövcudluğu "Azərsun Holdinq" Şirkətlər Qrupunu bu sahə üzrə ciddi addımlar atmağa sövq edib.

Uzunsürən çalışmalar nəticəsində ərsəyə gələn Masazır Duz Zavodu hazırda istehsal etdiyi "Azərduz" ilə ölkə bazarlarında və satış şəbəkələrində yod çatışmazlığı problemi ilə mübarizə aparmaqdadır.

Masazır Duz Zavodunun əsas xammal mənbəyi Masazır duz gölüdür. Texnoloji sxemdə xam duzdan istifadə olunması da nəzərdə tutulub. Bu, yalnız qış aylarında göldəki duz konsentrasiyası aşağı olan zaman tətbiq ediləcək.

Zavodun texnoloji sxemində Avropanın son model texnoloji avadanlıqlarından və avtomatik idarəetmə sistemindən istifadə edilir.

Xəbər lenti

Xəbər lenti