...

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanaların nümayəndələri turizm problemlərini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və mehmanxanaların nümayəndələri mövcud problemləri müzakirə etmək üçün oktyabrın sonlarında görüşəcəklər. Bu barədə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Nahid Bağırov bildirib.

"Biz oktyabrın sonlarında qarşılıqlı problemlərin müzakirə olunacağı 10-a yaxın turizm şirkətinin və 10 mehmanxananın görüşünü təşkil etməyi planlaşdırırıq", - Bağırov bildirib.

Onun sözlərinə görə, belə qərar assosiasiyanın ümumi yığıncağında qəbul olunub. Həmçinin, toplantının yekunları üzrə assosiasiya yanında qış mövsümündə turizm şirkətlərinin işinə nəzarət üzrə komissiyanın yaradılması haqqında qərar da qəbul edilib.

"Komissiyaya qış mövsümündə Azərbaycanda çalışan bütün turizm şirkətlərinin fəaliyyətini müntəzəm yoxlayacaq üç şirkətin direktoru daxildir. Bunlar "Spektr Travel", "Millennium Tourism & Congress DMC", "Elegant Travel" şirkətlərinin direktorlarıdır", - Bağırov bildirib.

Onun sözlərinə görə, assosiasiyanın toplantısında "Turkish Airlines" şirkətinin Azərbaycandakı yeni nümayəndəsi Mehmet Akkaya iştirakçılara təqdim olunub.

"Mehmet Akkaya bundan əvvəl Özbəkistandakı nümayəndəliyə rəhbərlik edib. Şirkətin Azərbaycanda bundanəvvəlki nümayəndəsi Necdet Şarkın vəzifəsi artırılaraq, Böyük Britaniyaya göndərilib. O, Azərbaycan üçün çox işlər görüb, Türkiyəyə reyslərin sayını artırıb, "Turkish Airlines" şirkəti ilə yerli turizm şirkətləri arasında dostluq münasibətləri yaradıb", - Bağırov deyib.

Onun sözlərinə görə, iclasda, həmçinin, yay turizm mövsümünə də yekun vurulub.

"Azərbaycandan gedən turist axını ötən illə müqayisədə, demək olar, 13 faiz artıb. Azərbaycana gələn turist axını 10-15 faiz çoxalıb", - Bağırov bildirib.

Azərbaycan Turizm Şirkətləri Assosiasiyası 2009-cu ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. İdarə heyəti üzvlərinə "Improtex Travel", "Caspian Travel", "Pasha Travel", "Silkway Travel", "Euroturizm" şirkətlərinin rəhbərləri daxildir. Bu gün 51 turizm şirkəti assosiasiyanın üzvüdür.

Assosiasiyanın əsas fəaliyyət istiqamətləri bunlardır: turizm şirkətlərinin maraqlarının qorunması; qanun layihələrinin işlənib-hazırlanması, milli turizm şirkətinin yaradılmasına yardım; bazar iştirakçıları üçün təlim və seminarların keçirilməsi üzrə plan hazırlanması; Azərbaycan turizminin illik beynəlxalq sərgilərdə potensial reklam və təşviqatı üçün şərtlərin yaradılması; daxili turizmin inkişafı və dünya bazarında turizm məhsullarının təqdim olunması.

Fəaliyyət istiqamətlərinə, həmçinin, konqres turizminin inkişaf və tətbiqi; idarəetmə və xidmət sahəsində peşəkar kadrların hazırlanmasına yardım; turizm sahəsində adekvat vergi qoyuluşunun yaradılması və normativ nizamlamalar; standartlaşdırma, sertifikatlaşdırma və lisenziyalaşdırmanın inkişafına yardım; beynəlxalq turizm şirkətləri ilə əməkdaşlıq; rəsmi nəşriyyat orqanının yaradılması; hüquqi məsləhətləşmələr sahəsində xidmətlər; normativ-hüquqi bazanın inkişafı çərçivəsində turizm şirkətlərinin hüquqlarının qorunması sahəsində əməkdaşlıq daxildir.

Xəbər lenti

Xəbər lenti