Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir A.Axundov/
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin ticarət obyektlərində keçirilən çörəyin monitorinqləri ilə bağlı ilk yekunları açıqlayıb. Monitorinqlər bu yaxınlarda çörəyin qiyməti artandan sonra keçirilib.
Çərşənbə axşamı dövlət xidmətinin rəhbəri Zahid İsayevin jurnalistlərə dediyinə görə, müvafiq dövlət orqanları dünya bazarlarında taxılın qiymətinin dəyişməsinin Azərbaycan bazarına təsirini minimuma endirilməsi, eləcə də çörəyin qiymətinin stabilləşdirilməsi üzrə operativ tədbirlər həyata keçirirlər.
Noyabrın 18-dən 22-dək Bakının mağazalarında çörəyin qiyməti 0,3 manatdan 0,4 manatadək artıb. Bu, unun qiymətinin artması fonunda müşahidə edilib. Sonradan göstərilən operativ tədbirlər nəticəsində qiymətlər yenidən əvvəlki səviyyəyə düşüb. Halbuki bəzi hallarda çörəyin çəkisinin azalması hallarına təsadüf edilirdi. Çörək istehsalçıları qiymətləri artırmaqla onun çəkisini də artırdıqlarını bildiridilər.
"Son vaxtlar dünya bazarında ərzaq taxılı kəskin bahalaşıb. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdiyinə görə, dünyada taxılın artan qiymətləri ölkə daxilində vəziyyətə təsir etməyə bilməz. Bu yaxınlarda Azərbaycanda unun istehlak qiymətinin artması müşahidə edilib. Bu, bəzi çörək istehsalçılarının çörəyin qiymətini artırmasına gətirib çıxartdı. Dövlət Xidməti çörəyin qiymət artımı ilə bağlı hər faktı, eləcə də onun səbəblərini araşdırır", - İsayev bildirib.
O, çörək istehsalçılarının çörəyin çəkisini azaltması ilə bağlı qeyd edib ki, Azərbaycanda çörəyin çəkisi istehsalçı tərəfindən tənzimlənir.
"Azərbaycanda çörəyin qiyməti tələbin təklifə olan qarşılıqlı münasibəti əsasında formalaşdırılır. Hal hazırda çörəyin təhlükəsizliyini və keyfiyyətini tənzimləyən standart var, çörəyin çəkisi isə istehsalçı tərəfindən tənzimlənir", - İsayev bildirib.
Onun sözlərinə görə, Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq ərzaq və qeyri-ərzaq malları bazarında monitorinqlər keçirir.
Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən bildirilənə görə, çörəyin qiymətinin artırılması əsassızdır, çünki ölkənin ərzaq taxılına olan tələbatı tam ödənilib və respublikada bu məhsulla bağlı qıtlıq yoxdur.
"Bizim iki milyon tona yaxın taxıl ehtiyatımız var. Azərbaycan Fövqəladə Hallar Nazirliyi bizə Taxıl Fondundan 700 min ton taxıl verib, bir milyon ton taxıl isə idxal edilib", - nazirlikdən bildiriblər.