...

Azərbaycanda keyfiyyətsiz duzun istehsalı və satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2010 19:24 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı istehlak bazarında keyfiyyətsiz duz istehsalçısı aşkar edilib.
Azərbaycanda keyfiyyətsiz duzun istehsalı və satışı dayandırılıb

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı istehlak bazarında keyfiyyətsiz duz istehsalçısı aşkar edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Xırdalan şəhərində yerləşən istehsal sahəsində yodlaşdırılmış əla növ xörək duzunun uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulun etiketində yodun miqdarının normativ sənədlərlə müəyyən edilmiş həddən fərqli göstərildiyi, habelə mənşəyi bəlli olmayan duzdan xammal kimi istifadə olunduğu müəyyən edilib.

Bundan başqa, yoxlama zamanı müəssisədə yodlaşdırılmış əla növ xörək duzunun qablaşdırılmasında istifadə olunan üzərində duzun tərkibindəki yodun miqdarının normativ sənədlərlə müəyyən edilmiş həddən fərqli göstərildiyi 500 ədəd kağız paket aşkar edilərək Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, duz istehsalı və satışının dayandırılması və bu duzların ticarət şəbəkəsindən geri yığılması, habelə uyğunluq sertifikatı olmadan və mənşəyi məlum olmayan xammaldan istifadə edilməklə istehsal olunmuş 11 ton duzun satışının, mənşəyi məlum olmayan 2 ton duzun isə xammal kimi istifadəsinin qadağan edilməsi barədə məcburi göstəriş verilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti