...

Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə artırılmalıdır – Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2011 14:32 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycanın bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov dünən Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib
Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı iki dəfə artırılmalıdır – Mərkəzi Bankın rəhbəri

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir N.İsmayılova/

Son 10 il ərzində Azərbaycanın bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov dünən Azərbaycan Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"10 il ərzində real iqtisadi artım 4 dəfə olub, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artıb. 2003-2010-cu illərdə Azərbaycanda iqtisadi artım tempi 17 faiz olub, bununla da ölkəmiz dünyada lider dövlətə çevrilib", - Rüstəmov bildirib.

Rüstəmovun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı böhran illərində də öz dayanıqlılığını və inkişaf dinamikasını qoruyub. Belə ki, son üç ildə ölkədə real iqtisadi artım orta hesabla 8 faizdən çox olub, makroiqtisadi və maliyyə sabitliyi qorunub. 2008-2010-cu illərdə strateji valyuta ehtiyatlarımız 23 milyard dollar artıb. Son üç ildə bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olub.

Ötən ildə əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Ölkədə ipoteka mexanizmi də genişlənir. 2010-cu ildə 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilib. Bu gün bu imkandan faydalanan ailələrin sayı 6200-ü ötüb.

2010-cu ilin sonuna cari əməliyyatlar hesabının profisiti 15 milyard dolları ötəcəkdir. Bunun nəticəsində valyuta ehtiyatlarımız qeyd olunduğu kimi 29 milyard dolları ötüb keçir.

"Hesab edirik ki, yanvarın sonunda biz 30 milyard dollarlıq mövqeyi ötüb keçmək potensialına malikik. Bu günə valyuta ehtiyatları ÜDM-ə nisbətdə 60 faizdən çoxdur və dünyanın ən çox valyuta ehtiyatına malik Çin iqtisadiyyatında bu göstərici Azərbaycandan aşağıdır", - Rüstəmov qeyd edib.

Onun sözlərinə görə, bütövlükdə bizim toplam - özəl sektor və dövlət borcu da daxil olmaqla borcumuzu 9,5 milyard dollar həcmində 3 dəfədən çox üstələyir və bu, böhran kontekstində ölkənin makroiqtisadi dayanıqlılığının ən mühüm göstəricilərindən biridir.

"Bizim qarşımızda duran başlıca çağırış ölkə iqtisadiyyatında son on ildə əldə olunmuş artım tempini qoruyub saxlamaqdır. Ölkə inamla "Orta gəlirli ölkələr" sırasına daxil olub. Lakin "Orta gəlirli ölkələr" qrupunun daha yüksək şkalası var. Bu, adambaşına düşən milli məhsulun 17-18 min ABŞ dollarına çatdırılmasıdır. Bu gün bizdə bu səviyyə 10 min dollardır", - AMB-nin rəhbəri vurğulayıb.

Rüstəmovun sözlərinə görə, bu o deməkdir ki, ölkə iqtisadiyyatı yaxın 10 ildə yenidən ikiqat artmalıdır. Onun fikrincə, bu çox real bir vəzifədir.

"Bunun üçün ölkə iqtisadiyyatının ildə təxminən 7-8 faiz artması təmin olunmalıdır. Bundan əvvəl əldə etdiyimiz nəticələr onu göstərir ki, bu, olduqca real bir vəzifədir.", - Rüstəmov əlavə edib.

Xəbər lenti

Xəbər lenti