Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbulunu elan edib. Bu barədə çərşənbə günü İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumatda deyilir.
Yanvarın 21-də Lənkəran rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Nəticədə rayon iqtisadiyyatının inkişafı üçün aşağıdakı prioritet istiqamətlər məqsədəuyğun hesab edilib:
- müasir tələblərə cavab verən ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya yeni texnologiyaların tətbiqi ilə yenidən qurulması;
- intensiv (sitrus və subtropik meyvəçilik) bağçılıq təsərrüfatının yaradılması.
Bu gündən etibarən sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Sahibkarlar məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan ala bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 432-39-69, e-mail: [email protected]