...

Azərbaycan Vergilər Nazirliyi vergi ödəyicilərinin pasportlaşdırılmasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2011 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir N.İsmayılova/

Fevralın birindən etibarən Vergilər Nazirliyi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən vergi ödəyicilərinin və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılmasına başlanılıb. Bu barədə cümə günü keçirilən mətbuat konfransında vergilər nazirinin müavini Sahir Məmmədxanov deyib.

"Pasportlaşdırma vergi əməkdaşlarının vergi ödəyicilərinin təsərrüfat subyektləri (obyektləri) olan ünvanlara getməklə fərdi müşahidələr, onların təqdim etdikləri məlumatlar və sorğular üzrə verdikləri cavablar əsasında həyata keçiriləcək. Vergi ödəyicilərindən alınan məlumatlar vergi ödəyicilərinin pasportlaşdırılması formasına salınacaq",- Məmmədxanov deyib.

Nazir müavininin sözlərinə görə, pasportlaşdırmanın nəticələrinə əsasən məlumatlar yerli vergi orqanları tərəfindən ümumiləşdiriləcək və beş gün ərzində avtomatlaşdırılmış AVİS sisteminə daxil ediləcək, bundan sonra məlumatların inventarizasiya prosesinə başlanılacaq.

"Xüsusilə vurğulamaq istəyirəm ki, pasportlaşdırmanı həyata keçirən vergi orqanlarının əməkdaşlarının vergi ödəyicilərinə qarşı cərimə və maliyyə sanksiyası kimi hər hansı bir tədbir görmək hüququ yoxdur",- o deyib.

"Bizim gözləntilərimizə əsasən, iyulun 1-nə qədər bu proses başa çatdırılacaq və əldə edilən məlumatlar uçot bazasında dəqiqləşdiriləcək. Bu prosesin effektli və tez qurtarması məqsədilə vergi ödəyiciləri tərəfindən yardıma ümid edirik",- nazir müavini deyib.

Məmmədxanovun sözlərinə görə, bu gün ölkədə uçotdakı vergi ödəyicilərinin sayı 370 min təşkil edir, onların 108 mini təsərrüfat subyektləridir.

Xəbər lenti

Xəbər lenti