...

Azərbaycanın Sahibkarlığa Kömək Milli Fondu yeni saytının təqdimatını keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2011 18:26 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflığın daha da artırılması çərçivəsində cümə axşamı fondun yeni versiyada internet saytının (www.anfes.gov.az) təqdimatı keçirilib.
Azərbaycanın Sahibkarlığa Kömək Milli Fondu yeni saytının təqdimatını keçirib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan Prezidentinin 28 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na (2007-2011-ci illər) və İqtisadi İnkişaf Nazirliyinin 2011-ci il üçün təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətində şəffaflığın daha da artırılması istiqamətində tədbirləri davam etdirir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətində şəffaflığın daha da artırılması çərçivəsində cümə axşamı fondun yeni versiyada internet saytının (www.anfes.gov.az) təqdimatı keçirilib.

Son 3 ildə beynəlxalq audit şirkəti tərəfindən fondun maliyyə hesabatlarının auditi keçirilib, Azərbaycan və ingilis dillərində illik hesabatlar, maliyyələşdirilmiş investisiya layihələri haqqında kütləvi informasiya vasitələrində müvafiq məlumatlar dərc olunur.
Saytın yenilənmiş versiyasının təqdimatını SKMF-in icraçı direktoru Şirzad Abdullayev keçirib.

"Saytın yeniləşmiş versiyasında fondun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza, güzəştli kreditlərin verilmə mexanizmi, güzəştli kredit əldə etmək üçün müraciət forması, güzəştli kreditlərin respublikanın iqtisadi rayonlarına, iqtisadiyyatın sahələrinə və kreditlərin növlərinə görə təsnifatı, güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müasir texnologiyaların tətbiqinə əsaslanan investisiya layihələri və digər məlumatlar əks etdirilib", - Abdullayev bildirib.

Abdullayev onu da bildirib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyəşdirilmiş böyük və iri investisiya layihələrinin iqtisadi və inzibati rayonlar, həmçinin iqtisadiyyatın sahələri üzrə bölgüsü, layihələrin icrasının gedişi barədə mütəmadi yeniləşdirilən məlumatlar yerləşdirilib. Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları və onların inzibati rayonlarda yerləşən filialları haqqında məlumatlara ictimaiyyətin sərbəst çıxışının təmin olunması üçün interaktiv xəritə yaradılıb.

Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək yeni saytda məlumatların yenilənməsi və dəyişiklərin edilməsi üçün proqram təminatı təşkil edilib.

2011-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 154 sahibkara 15,5 milyon manat güzəştli kreditlər verib. Bu kreditlər hesabına müasir texnologiyaların tətbiqi ilə 15 yeni istehsal, emal və infrastruktur sahəsi, o cümlədən 5 çörək istehsalı zavodu, 4 soyuducu anbar, 1 müasir heyvandarlıq kompleksi, 1 qida yağlarının istehsalı, 1 ət məhsullarının emalı (kəsim sexi), 1 istixana, 1 mebel fabriki və 1 kağız istehsalı fabriki yaradılacaq. Bundan başqa, bu il 139 sahibkara 1,7 milyon manat kiçik həcmli kreditlər də verilib.
2010-cu ilin ötən dövrü ərzində maliyyələşdirilmiş layihələrin icrası 900-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti