Azərbaycan, Bakı, 10 mart /Trend/
Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri "Atəşgah" SŞ keyfiyyət menecmenti sisteminin İSO 9001:2008 keyfiyyət standartının tələblərinə uyğun olaraq, təkrar sertifikatlaşmanı müvəffəqiyyətlə başa vurub. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
"Atəşgah" SŞ beynəlxalq sertifikasiya orqanı olan "Total Quality Certification Services International Pty Ltd." tərəfindən İSO 9001:2008 keyfiyyət standartı tələblərinə uyğun, göstərdiyi xidmətlərə nəzarəti həyata keçirmək iqtidarında olan şirkət kimi qiymətləndirilmiş və təkrar qeydiyyata alınmışdır.
Xatırladaq ki, "Atəşgah" SŞ Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə İSO 9001:2000 standartının tələblərinə müvafiq olaraq sertifikatlaşmanı 2003-cü ildə keçmiş ilk sığorta şirkətidir.
Müasir bazar münasibətləri şəraitində İSO 9001 beynəlxalq sertifikatlaşma seriyasına uyğun olaraq, keyfiyyətin menecmenti sisteminin tətbiqi müştəri cəlb etməyin yollarından biri olmaqla yanaşı, həm də şirkətin rəqabət və ödəmə qabiliyyətini sübut edən tutarlı dəlildir.
"Atəşgah" sığorta şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb.
Atəşgah Sığorta Qrupuna "Atəşgah" ASC SŞ, "Atəşgah Həyat" ASC SŞ və "İntermed" Tibb Klinikası daxildir.
2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SŞ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,57 mln. manat, ödənişləri isə 5,26 mln. manat təşkil etmişdir.
"Atəşgah" Sığorta Şirkəti müştərilərinə 20-dən çox sığorta xidməti təklif edir.