...

"Bakı Ağ Şəhər" layihəsi ilk dəfə olaraq Kann şəhərində MIPIM-2011 daşınmaz əmlak sərgisində təqdim olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2011 19:48 (UTC +04:00)
8-11 mart tarixlərində Fransanın Kann şəhərində MIPIM-2011 - Beynəlxalq daşınmaz əmlak sərgisi keçirilib.
"Bakı Ağ Şəhər" layihəsi ilk dəfə olaraq Kann şəhərində MIPIM-2011 daşınmaz əmlak sərgisində təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 14 mart /Trend/

8-11 mart tarixlərində Fransanın Kann şəhərində MIPIM-2011 - Beynəlxalq daşınmaz əmlak sərgisi keçirilib. Azərbaycan dünya bazarının ən nüfuzlu sərgi salonunda MIPIM Awards-2011 mükafatına namizəd olan "Bakı Ağ Şəhər" layihəsi ilə təmsil olunub.

Sərgi iştirakçıları "Bakı Ağ Şəhər"in üstünlükləri ilə müstəqil stenddə tanış olmaq imkanı əldə ediblər. Stendin ekspozisiyası layihənin gələcək rayonlarının 1:500 miqyasında hazırlanmış fiziki modelindən ibarət olub. Bundan başqa, "Bakı Ağ Şəhər" haqqında ətraflı məlumat sərginin xüsusi kataloqunda, bukletlərində və elektron daşıyıcılarında təqdim olunub. Azərbaycan layihəsinə həsr olunmuş məqalə MIPIM Preview sərgi jurnalının növbəti nömrəsində də dərc edilib.

Reed MIDEM təşkilatçılarının məlumatına görə, sərgidə 81 ölkəni təmsil edən 1700-dən artıq layihə təqdim olunub. Burada Brüssel, Helsinki, Frankfurt, Münhen, Keyp-Taun, Barselona və s. şəhərlər də eksponentlər sırasında olub. MDB-ni bu sərgidə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarus təmsil edib. MIPIM-2011 1000-dən artıq investisiya şirkətini təmsil edən 4000-ə yaxın aktiv investorları cəlb edib.

Burada, həmçinin, iqtisadiyyat sahəsində tanınmış ekspertlərin iştirakı ilə müxtəlif konfranslar, forumlar və "dəyirmi masa"lar keçirilib. Göstərilən tədbirlərdə məruzəçilər inkişaf edən daşınmaz əmlak bazarına investisiya qoyuluşu, maliyyə risklərinin tənzimlənməsi, urbanizasiyanın və şəhərsalmanın müasir meyilləri və digər aktual mövzular haqqında maksimum dolğun məlumat çatdırıblar.

MIPIM-2011-ə ümumilikdə 30000-ə yaxın mütəxəssis - investorlar, aparıcı developer və konsaltinq şirkətlərinin nümayəndələri, memar və ərazilərin inkişaf konsepsiyasının müəllifləri qatılıb. Tədbir, həmçinin, sərgidə iştirak edən 200-dən artıq xarici KİV nümayəndələri tərəfindən beynəlxalq mətbuatda geniş işıqlandırılıb.

"Bakı Ağ Şəhər" şəhərsalma layihəsi "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"nın təsdiq olunması haqqında Azərbaycan Prezidentinin Fərmanı çərçivəsində həyata keçirilir. Layihə haqqında daha ətraflı məlumatı www.bakuwhitecity.az saytından əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti