Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Trend T.Cəfərov/
Avropa İttifaqının iqtisadi məsələlər üzrə müşaviri İranın Mərkəzi Bankının 2008-ci ilin may ayından etibarən ölkədə iqtisadi inkişaf göstəricilərini açıqlamamasına hökumətin iqtisadi uğursuzluğunun səbəb olduğunu hesab edir.
"İran iqtisadi inkişaf göstəricilərini (statistikasını) açıqlayarsa, göstəricilərin düzgün olub-olmamasını dəyərləndirmək imkanı yaranacaq. Ölkə iqtisadiyyatında rəqəmlərdə şəffalıq yaranacaq. Bu isə hökumətin iqtisadi uğursuzluğunu göstərəcək", - Aİ-nin iqtisadi məsələlər üzrə müşaviri Mehrdad Emadi telefonla Trend-ə bildirib.
İranın Fars agentliyinin məlumatına əsasən, İranın Mərkəzi Bankının yanvarın 11-də açıqladığı statistikaya əsasən, ölkədə inflyasiyanın səviyyəsi 10,1 faiz təşkil edir. 2009-cu ildə bazara buraxılan vəsaitin həcmi (likvidlik) 235 milyard dollar təşkil edib. Son iki ayda hökumət subsidyaları ləğv edib, onun əvəzində isə əhalinin bank hesablarına 6 milyard dollar həcmində nağd pul köçürüb. Lakin Mərkəzi Bankın statistikasında ÜDM və iqtisadi inkişaf göstəriciləri açıqlanmayıb. İranın Mərkəzi Bankı sonuncu dəfə 2009-cu ilin iyul ayında 2007-ci ilin ilk üç ayının iqtisadi inkişaf göstəricisini açıqlayıb.
Beynəlxalq Valyuta Fondu 2010-cu ilin oktyabr ayında "Dünyanın iqtisadi perspektivi" adlı məruzəsində İranın iqtisadi göstəricisinin 2009-cu ildə 1,1 faiz olduğunu elan edib.
Emadi hesab edir ki, İran iqtisadiyyatı hazırda qismən şəfaflıqdan tamamilə qeyri-şəffaflığa doğru gedir. "İran iqtisadiyyatı qeyri-şəffaflığa doğru getdiyi üçün hökumətdən gördüyü işlərə dair hesabat tələb etmək və onun gördüyü işləri dəyərləndirmək imkanı yoxdur", - Emadi deyib.
İran Gömrük Komitəsinin statistikasına əsasən, cari ilin ilk 10 ayı ərzində (İranda il martın 21-də dəyişir) İranın qeyri-neft sektoru üzrə ixracatı (qaz kondensatı hesablanmadan) 21,5 milyard dollar təşkil edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24,1 faiz artıb. Həmin dövr ərzində ölkənin idxal həcmi 53 milyard dollar təşkil edib. Cari ilin ilk 10 ayı ərzində ölkənin qeyri-neft sektoru üzrə ticarət balansı kəsirlə 27,7 milyard dollar təşkil edib ki, bu da ötən ilin anoloji dövründəkindən 25,2 faiz çoxdur. Lakin martın 11-də İranın Ticarət İnkişafı Təşkilatının sədr müavini Kiyumərs Fətullah Kirmanşahi deyib ki, ölkədə qeyri-neft sektoru üzrə ixracın həcmi artır və ümid edirik ki, ilin sonunadək xidmət sahəsinin də hesablanması ilə bu həcm 40 milyard dollara çatacaq. O, əlavə edib ki, cari ilin ötən 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixracat qaz kondensatı hesablanmaqla 29 milyard dollar təşkil edib.
Emadinin fikrincə, iqtisadi inkişaf göstəricilərinin açıqlanmaması İran rəsmilərinə istədikləri rəqəmləri söyləməyə şərait yaradır və bu da İran iqtisadiyyatına mənfi təsir göstərir.
"Əgər iqtisadi inkişaf göstəriciləri dövlət rəsmilərinin açıqladıqları rəqəmlərə uyğun göstərilərsə, əhali makroiqtisadiyyat və sənaye sektorunda göstəricilərin həqiqətə uyğun olmadığını müəyyənləşdirəcək. Bu da hökumətin işinin ürəkaçan olmadığını göstərəcək", - Emadi bildirib.
Ölkədə iqtisadi inkişaf və ümum daxili məhsul (ÜDM) göstəricilərinin Mərkəzi Bank tərəfindən açıqlanmaması İranın iqtisadi dairələrində də etirazlara səbəb olub. Belə ki, bir müddət öncə İranın Ticarət Palatasının rəhbəri Məhəmməd Nəhavəndiyan palatanın iclasında deyib ki, "təssüfləndirici haldır ki, Mərkəzi Bank ölkənin iqtisadi göstəriciləri ilə bağlı məruzə ilə çıxış edir, lakin məruzəsində ölkənin iqtisadi inkişaf göstəriciləri barədə heç nə göstərmir".