Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir N.İsmayılova/
Azərbaycan-Avropa Cəmiyyəti mayın 12-13-də Londonda Azərbaycanın investisiya potensialına həsr edilən illik biznes-forum keçirəcək. Trend-in məlumatına görə, bu barədə cəmiyyətin çərşənbə günü yaydığı məlumatda deyilir.
Tədbirin əsas məqsədi Azərbaycan iqtisadiyyatının son və potensial tendensiyalarının, Azərbaycanı xarici investorlar üçün cəlbedici edən ölkədə sabit investisiya mühitinin yaradılması məqsədilə həyata keçirilən siyasətin təqdimatıdır.
Forumun proqramının əsas müddəalarına Azərbaycanda beynəlxalq və yerli müəssisələr üçün biznesin aparılmasına dair yeniliklər, problemlər və imkanlar, kənd təsərrüfatı və ərzaq sənayesi, turizm, İKT, nəqliyyat, infrastruktur, tikinti və daşınmaz əmlak, kapital bazarları və dövlət investisiya fondları, banklar və maliyyə xidmətləri, miqyaslı infrastruktur və beynəlxalq investisiyalar üçün layihə maliyyələşdirilməsi kimi sahələrdə imkanlar daxildir.