Azərbaycan, Bakı, 30 mart /Trend/
"Consulting and Business" jurnalı özünün ənənəvi "Uğur-2010" mükafatının təqdimetmə mərasimini keçirib. 2010-cu ilin yekunlarına görə "AtaBank" ASC "Plastik kartlar sahəsində texnologiyaların tətbiqinə" töhfələrinə görə iqtisadiyyat və biznes sahəsində "Uğur" Milli mükafatına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.
Mərasimdə çıxış edən bankın idarə heyəti sədrinin birinci müavini Müseyib Əliyev bildirib ki, "AtaBank" ASC daim yeni texnologiyaların tətbiqinə xüsusi diqqət ayırır, hazırda aktual olan ödəniş kartları sahəsinə bank xüsusi önəm verir. Nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə bu əməliyyatların həcminin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, son illər ərzində bank MDB məkanında ilk şaquli (Vertikal) kartları, fərdi dizaynlı kartları (Solo), "SMS Banking", "E-card", "Mobile banking", "SMS-infocard", "Card to Card" və s. elektron xidmətlərini müştərilərə təqdim edib. Əliyev qeyd edib ki, bank gələcəkdə də bu xəttə sadiq qalacaq və müştərilərinə daim yeni bank xidmətləri və məhsulları təqdim edəcək.
AtaBank 2004-cü ildə "Etimad bankı", 2009-cu ildə isə "İnnovativ bank məhsullarının tətbiqənə" görə "Uğur" milli mükafatına layiq görülmüşdü.
Bankın perspektiv planlarına korporativ idarəetmə standartlarının tətbiqi, beynəlxalq reytinq agentliyi tərəfindən qiymətləndirmə, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, MasterCard ödəniş sisteminin üzvü olmaq, yeni filial və şöbələrin açılması, ödəniş kartları ilə əməliyyatların genişləndirilməsi, ATM və POS-terminal sayının artırılması daxildir.