...

BVF Azərbaycanda ÜDM-in artım proqnozlarını 2016-cı ilədək yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2011 12:10 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) 2011-2012-ci illərdə Azərbaycanda ÜDM-in artım proqnozlarını yaxşılaşdırıb.
BVF Azərbaycanda ÜDM-in artım proqnozlarını 2016-cı ilədək yaxşılaşdırıb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir İ.Xəlilova/

Beynəlxalq Valyuta Fondu (BVF) 2011-2012-ci illərdə Azərbaycanda ÜDM-in artım proqnozlarını yaxşılaşdırıb. Trend-in məlumatına görə, bu barədə BVF-in "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı aprel məruzəsində deyilir. Məruzə bazar ertəsi fondun rəsmi saytında dərc olunub.

BVF-in yenilənmiş proqnozlarına görə, 2011-ci ilin yekunları üzrə Azərbaycanın ÜDM-də artım 2,8 faiz (oktyabr proqnozu 1,8 faiz) təşkil edəcək. 2012-ci il üzrə ÜDM-də artım 2,5 faiz, 2016-cı ildə isə 2,8 faiz proqnozlaşdırılır. Halbuki fond bundan əvvəlki hesabatında Azərbaycanın ÜDM-də artım templərinin 0,9 faizədək azalacağını proqnozlaşdırmışdı.

BVF-in proqnozlarına görə, 2011-ci ildə Azərbaycanda inflyasiya 10,3 faiz səviyyəsində olacaq, halbuki fond əvvəllər cari il üçün inflyasiyanı 5 faiz həddində proqnozlaşdırmışdı.

2012-ci il üçün BVF ölkədə inflyasiyanı 7,5 faiz, 2016-cı ildə isə 5 faiz səviyyəsində proqnozlaşdırır.

Fondun qiymətləndirmələrinə görə, 2011-ci ildə Azərbaycan ÜDM-in 28,4 faizi səviyyəsində ödəniş balansının profisitinə malik olacaq (oktyabr proqnozu - 22,2 faiz), 2012-ci ildə 24,2 faiz, 2016-cı ildə isə 17,2 faiz təşkil edəcək.

Ölkə hökumətinin proqnozlarına görə, 2011-ci ildə iqtisadi artım templəri 3,8 faiz səviyyəsində gözlənilir və ÜDM-in nominal dəyəri 40,2 milyard manat - təxminən 50 milyard manat həcmində proqnozlaşdırılır. 2014-cü ilədək orta müddətli iqtisadi artım 7 faiz səviyyəsində proqnozlaşdırılır.

Bu il inflyasiyanın artım templərinin 5 faiz səviyyəsində olacağı gözlənilir.

Asiya İnkişaf Bankının (AİB) "Asiyanın inkişaf perspektivləri-2011" adlı aprel hesabatında Azərbaycanda ÜDM-in ümumi artımı 2011 və 2012-ci illərdə 5,8 faiz səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, inflyasiya 2011-ci ildə 7,5 faiz təşkil edəcək, 2012-ci ildə 7 faizədək azalacaq. Gözlənildiyinə görə, cari əməliyyat hesabı profisiti 2011-ci ildə ÜDM-in 27,8 faizi, 2012-ci ildə isə 25 faizi səviyyəsində olacaq, gəlirlərin artmasına cavab olaraq idxala tələbat artacaq.

Azərbaycan BVF ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. Fondda respublikanın kvotası 160,5 milyon SDR (233,6 milyon dollar) təşkil edir. Hazırda Azərbaycan BVF-in kredit resursları olmadan fonddan yalnız texniki yardım alır.

Xəbər lenti

Xəbər lenti