...

"Paşa Bank" və "Junior Achievement"in əməkdaşlığı Azərbaycan gənclərinin maliyyə savadının artırılmasına dəstək verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2011 18:21 (UTC +04:00)
"Paşa Bank" ASC və "Junior Achievement Azerbaijan" təşkilatı 2011-ci ildə həyata keçirilən və maliyyə savadını tədris edən proqramın icrasına dair tərəfdaşlıq razılaşması imzalayıblar.
"Paşa Bank" və "Junior Achievement"in əməkdaşlığı Azərbaycan gənclərinin maliyyə savadının artırılmasına dəstək verir

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan bankı "Paşa Bank" ASC və "Junior Achievement Azerbaijan" (JAA) təşkilatı 2011-ci ildə həyata keçirilən və maliyyə savadını tədris edən proqramın icrasına dair tərəfdaşlıq razılaşması imzalayıblar. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Layihənin təqdim etdiyi bankçılıq və şəxsi maliyyə üzrə interaktiv təlim, milli yarış və peşə təcrübəsi Azərbaycan tələbələrinə səmərəli istehlakçı və məsuliyyətli vətəndaş olmağa kömək edəcək.

2011-ci ilin pilot layihəsi dörd universitetin tələbələrini cəlb edəcək. Seçim mərhələsində mükəmməl nəticə göstərmiş 72 tələbə bankçılığın əsasları üzrə təlimlərə qatılacaq. Təlim Mərkəzi Bankın və JAA təşkilatının mütəxəssisləri tərəfindən keçiriləcək. Növbəti mərhələdə tələbələr JAA-nın kompüter modelləşdirməsi əsasında təşkil edilən "Banklar fəaliyyətdə" yarışında iştirak edərək, öyrəndikləri bilikləri tətbiq edəcəklər. Modelləşdirmədə iştirak edərkən, tələbələr virtual bankı idarə edir və müxtəlif iqtisadi qərarlar qəbul edirlər. Ən yaxşı strategiya tərtib edən və rəqiblərindən daha artıq mənfəət qazanan komanda yarışın qalibi elan ediləcək. Layihənin son mərhələsində yüksək nəticə əldə edən tələbələr banklarda təşkil olunan peşə təcrübəsində iştirak edəcəklər.

JAA təşkilatının maliyyə savadı layihəsi "Məktəblərdə iqtisadiyyatın tədrisi proqramı" çərçivəsində həyata keçirilir. Proqramı dəstəkləyən əsas tərəfdaşlar "Statoil Abşeron", "Chevron Xəzər", "Bakcell" və "Qaradağ Sement" ASC-dir; "Paşa Bank" ASC, "Saipem Azərbaycan", ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi, "Nobel Oil", "Baker & McKenzie" və "PwC Azərbaycan" proqramın tərəfdaşlarıdır. Proqram Azərbaycan Mərkəzi Bankı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə strateji əməkdaşlıqda həyata keçirilir.

"Paşa Bank" PAŞA şirkətlər qrupuna daxildir və 2007-ci ilin iyun ayında təşkil edilib və Azərbaycan Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Bankın rəsmi auditoru "Ernst & Young", vergi məsələləri üzrə məsləhətçisi "PriceWaterhouseCoopers" beynəlxalq audit şirkətləridir. "Paşa Bank" ASC Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Bakı Banklararası Valyuta Birjasının, AMCHAM, Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İpoteka Fondunun üzvüdür. Nizamnamə kapitalının həcminə (123.4 milyon manat) görə bank yerli bazarda ikinci yer tutur.

"Junior Achievement Azerbaijan" (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri təşkilatı olan ümumdünya JA təşkilatının yerli təmsilçisidir. "Junior Achievement" missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 100 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan "Junior Achievement" ictimai və fərdi donorların dəstəyi ilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçib. "Junior Achievement Azerbaijan" onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.

Xəbər lenti

Xəbər lenti