...

DB Azərbaycanın süni suvarma sistemlərinin yaxşılaşdırılması üzrə krediti təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2011 12:39 (UTC +04:00)
Dünya Bankının (DB) Direktorlar Şurası "Azərbaycanın su istifadəçiləri assosiasiyalarının inkişafının dəstəklənməsi layihəsi"nin (WUAP) reallaşdırılması üzrə 80 milyon dollar həcmində krediti təsdiq edib.
DB Azərbaycanın süni suvarma sistemlərinin yaxşılaşdırılması üzrə krediti təsdiqləyib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir N. İsmayılova/

Dünya Bankının (DB) Direktorlar Şurası "Azərbaycanın su istifadəçiləri assosiasiyalarının inkişafının dəstəklənməsi layihəsi"nin (WUAP) reallaşdırılması üzrə 80 milyon dollar həcmində krediti təsdiq edib. Layihənin məqsədi fermerlərin idarə etdikləri süni suvarma sistemlərinin su təchizatının yaxşılaşdırılmasıdır. Trend-in məlumatına görə, bu barədə bankdan bildirilib.

Ayrılan vəsaitin 76,80 milyon dolları Beynəxalq İnkişaf Assosiasiyasının (МАР ) və 3,20 milyon dolları BYİB-nın vəsaitindən veriləcək. Azərbaycan hökuməti layihənin reallaşdırılmasına 34,30 milyon dollar ayırıb. Beləliklə, layihənin maliyyələşdirilməsinin ümumi həcmi 114,30 milyon dollar təşkil edir.

"Azərbaycanın 27 əyalətində yerləşən 760 000 xırda fermer təsərrüfatlarının məhsuldarlığı süni suvarma və drenaj şəbəkələrinin yenidən qurulması və Dünya Bankının yeni layihəsinin dəstəyilə potensialın yaradılması ilə bağlı tədbirlər sayəsində yaxşılaşacaq", - məlumatda deyilir.

Məlumatda bildirilir ki, əlverişli iqlim və torpağa malik olan Azərbaycan kənd təsərrüfatı sektorunda müqayisəli üstünlüklərə malikdir, lakin suvarma kənd təsərrüfatı bitkilərinin becərilməsində mühüm amildir. DB-nin dəstəklədiyi bundan əvvəlki layihələr su istehsalçılarına suvarma sistemlərinin idarəçiliyini və süni suvarma infrastrukturlarının bərpasını öz üzərlərinə götürməyə imkan verib. Yeni layihə bu dəstəyi genişləndirəcək.

"Bu layihə ölkə iqtisadiyyatının şaxələndirilməsinin əsas strateji məqsədlərini dəstəkləyir. Süni suvarma sistemlərinin bərpası kənd təsərrüfatında məhsuldarlığın yaxşılaşmasına, investisiya və ixracın təşviqinə, iş yerlərinin yaradılması və fermerlərin və kənd işçilərinin gəlirlərinin atrmasına təsir edəcək", - DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm bildirib.

WUAP suvarma sistemlərinin idarə edilməsinə cavabdeh olan su istifadəçiləri assosiasiyalarının potensialının möhkəmlənməsinə istiqamətlənib.

"Layihə təxminən 900 min hektarda 379 su istifadəçiləri assosiasiyasının öyrədilməsi və dəstəklənməsini nəzərdə tutur və onlara öz üzvlərinin su təchizatının yaxşılaşdırılmasında kömək edir. Layihə eləcə də, təxminən 3 min kilometrlik suvarma və drenaj kanallarının və hidrotexniki qurğuların bərpasını da maliyyələşdirəcək, 85,5 min hektarda 34 SİA üçün üstünlük yaradacaq. Əvvəlki layihələrin təcrübəsi göstərir ki, bu, fermerlərin gəlirlərinin xeyli artmasına və ailə gəlirlərinin yüksəlməsinə kömək edir", - DB layihəsinin meneceri Devid Mirbax bildirib.

DB 1992-ci ildən - əməkdaşlığa başladığı andan Azərbaycana 43 layihənin reallaşdırılması üçün 2,9 milyard dollara yaxın məbləğdə maliyyə vəsaiti verib.

Xəbər lenti

Xəbər lenti