...

Azərbaycan və Almaniya ticarət və investisiyalar üzrə işçi qrupu yaradırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2011 19:28 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 5-də Berlində Almaniya-Azərbaycan biznes forumunda iştirak etmək məqsədilə Almaniyada səfərdə olub.
Azərbaycan və Almaniya ticarət və investisiyalar üzrə işçi qrupu yaradırlar

Azərbaycan, Bakı, 6 may /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti mayın 5-də Berlində Almaniya-Azərbaycan biznes forumunda iştirak etmək məqsədilə Almaniyada səfərdə olub. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Binzes forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Forumda kənd təsərrüfatı və qida sənayesi, enerji, maliyyə, logistika, turizm və digər sahələrdə fəaliyyət göstərən 250-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən Mustafayev sözlərinə görə, bu forumda keçirilən işgüzar görüşlərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsində əhəmiyyəti var. O, həmçinin alman iş adamlarını Azərbaycanda yaradılmış əlverişli investisiya mühitindən yararlanmağa dəvət edib.

Almaniya Federativ Respublikasının federal iqtisadiyyat və texnologiyalar naziri Rainer Brüderin sözlərinə görə, Almaniya Azərbaycan ilə əlaqələrinin genişlənməsində maraqlıdır. O, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.

Biznes forum çərçivəsində İqtisadi İnkişaf Nazirliyi ilə Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında "Ticarət və investisiyalar üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması" haqqında anlaşma memorandumu imzalanıb.

Azərbaycan nümayəndə heyətinin Almaniyaya səfəri mayın 7-dək davam edəcək. Cümə günü Münhendə Almaniya-Azərbaycan biznes forumu və nümayəndə heyətinin bir sıra görüşləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti