...

Azərbaycanda korporativ qiymətli kağızlar bazarı il ərzində iki dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2011 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir N.İsmayılova/

Cari ilin birinci rübü ərzində korporativ qiymətli kağızlar bazarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artaraq 178,2 milyon manat təşkil edib. Bu barədə Trend-ə çərşənbə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən bildirilib. Belə ki, rüb ərzində səhm bazarında əməliyyatların həcmi 5,2 faiz artaraq 35,6 milyon manat, korporativ istiqrazlar bazarında əməliyyatların həcmi isə 3,3 dəfə artaraq 142,6 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində korporativ istiqrazlar bazarındakı dinamika, əsasən Azərbaycan İpoteka Fondunun istiqrazları və müxtəlif nominasiyalı borc alətləri bazarında müşahidə olunan artım nəticəsində reallaşıb. Belə ki, hesabat dövrü ərzində ipoteka istiqrazlarının ilkin və təkrar bazarında əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 118,8 milyon manata çatıb. Bu dövrdə, müxtəlif gəlirlikli, müddətli və nominasiyalı korporativ borc alətlərinin bazara çıxarılması davam etmiş və xarici valyutada nominasiya olunmuş istiqrazların ilkin və təkrar bazarı yüksək artım nümayiş etdirərək 20,9 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ilk dəfə olaraq xarici valyutada nominasiya olunmuş və konvertasiya hüququna malik istiqrazlar bazara çıxarılıb. Belə ki, bu istiqrazlar investorlara istiqrazlarını emitent ilə öncədən razılaşmış qiymətə səhmlərə konvertasiya etmək hüququ verir.

Ötən ilin sonu və cari ilin birinci rübü ərzində Mərkəzi Bankın pul siyasətini neytrallaşdırması nəticəsində dövlət qiymətli kağızları, eləcə də Mərkəzi Bankın notlarının ilkin və təkrar bazarı yüksək artım nümayiş etdirib. Belə ki, birinci rüb ərzində dövlət qiymətli kağızlarının ilkin və təkrar bazarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 dəfə artaraq 1,488 milyon manat, sterilizasiya aləti olan Mərkəzi Bankın notlarının ilkin və təkrar bazarının həcmi isə 4.6 dəfə artaraq 209 milyon manat təşkil edi b.

Cari ilin birinci rübü ərzində Mərkəzi Bankın notları və müxtəlif müddətli dövlət istiqrazlarının gəlirlikləri üzrə artım müşahidə olunub. Belə ki, Mərkəzi Bankın notlarının ortalama gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,44 faiz artıb. 1 aylıq dövlət istiqrazlarının ortalama gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,18 faiz, 3 aylıq dövlət istiqrazlarının ortalama gəlirliyi 0,13 faiz, 6 aylıq dövlət istiqrazlarının ortalama gəlirliyi 0,69 faiz, 1 illik geriçağrılabilən dövlət istiqrazlarının ortalama gəlirliyi isə 0,25 faiz artıb.

Mayın 11-nə rəsmi məzənnə 0,7911 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti