Azərbaycan, Bakı, 17 may /Trend, müxbir T.Cəfərov/
İran Xəzər dənizində kəşfiyyat-qazma işlərini sürətləndirmək məqsədi ilə mayın 24-də "Caspian 3" yedək gəmisini suya salacaq. Bunu İranın "Neft Xəzər" şirkətinin direktoru Əli Üsuli deyib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.
Üsuli deyib ki, bundan əvvəl "Caspian 1" və "Caspian 2" yedək gəmiləri istifadəyə verilib. "Caspian 3" gəmisi digər iki gəmi ilə müqayisədə daha çox imkanlara malikdir və kəşfiyyat-qazma işlərini sürətləndirəcək", - Üsuli deyib.
Xəzərdə İranın ilk qazma platforması Əmir Kəbir (sabiq "Alborz") 2009-cu ildə istismara verilib. İranın "Əmir Kəbir" platforması "Sedra" şirtkəti tərəfindən Neka (Mazandaran əyaləti) sahillərində inşa edilib. Qurğu suyun 1000 metr dərinliyində işləmək və 6000 metr dərinlikdə quyu qazmaq gücünə malikdir. Platforma dörd dayaq üzərində yerləşir və yarımyükləmə qurğusudur. Platforma İran mühəndisləri tərəfindən hazırlanıb.
Ümumilikdə konstruksiya üç layihə əsasında hazırlanıb. Bu, "Əmir Kəbir" platformasının inşası, "Caspian" gəmilərinin hazırlanması və əməliyyatların aparılmasına dəstək qərargahının yaradılmasıdır.
2001-ci ildə başlayan inşanın ilkin dəyəri 215 milyon dollar və 34 milyard tümən (34 milyon dollar) təşkil edib. İranın "Əmir Kəbir" platforması və "Caspian" gəmiləri DNV şirkətinin yoxlamasından sonra keyfiyyət sertifikatı alıb.
Ümumilikdə bu platformanın inşasına 500 milyon dollar investisiya qoyulub.