...

Bakının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrasına nəzarət məqsədilə işçi qrupları yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2011 19:27 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə müvafiq dövlət qurumlarının, Bakı şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri iştirak ediblər.
Bakının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrasına nəzarət məqsədilə işçi qrupları yaradılıb

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir N.İsmayılova/

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin vaxtında, keyfiyyətlə və tam icrasına, eləcə də bu tədbirlərin əlaqələndirilməsinə həsr olunmuş müşavirə keçirilib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin çərşənbə günü yaydığı məlumatda deyilir.

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş müşavirədə müvafiq dövlət qurumlarının, Bakı şəhər İcra Hakimiyyətinin və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri iştirak ediblər.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı şəhəri və onun qəsəbələrində elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlər aparılacaq, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması layihələri həyata keçiriləcək, ekoloji vəziyyət daha da yaxşılaşdırılacaq, ən müasir sosial-mədəni infrastruktur obyektləri (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) tikiləcək və ya beynəlxalq standartlara uyğun yenidən qurulacaq, yeni iş yerləri və müəssisələr açılacaq, əhalinin məşğulluq səviyyəsi daha da artacaq. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin əlaqələndirilməsi Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb.

Nazir Dövlət Proqramı çərçivəsində görülən işlərin keyfiyyətinə və ən müasir standartlara cavab verəcək şəkildə icrasına xüsusi diqqət yetiriləcəyini vurğulayıb. Bu məqsədlə müşavirədə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yüksək keyfiyyətlə, vaxtında və tam icrası işlərinin təşkili üçün İqtisadi İnkişaf Nazirliyində və Bakı şəhər İcra Hakimiyyətində işçi qrupu və monitorinq qruplarının yaradılması qərara alınıb. İşçi qrupları aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə işlərini həyata keçirəcək, proqramda müəyyən olunmuş vəzifələrin icra vəziyyəti ilə bağlı məlumatların mütəmadi olaraq toplanması üçün təşkilati işlər görəcək, bu məlumatları təhlil edəcək, həmçinin proqramın icra vəziyyətinin öyrənilməsi məqsədilə yaradılan monitorinq qruplarının işini əlaqələndirəcək. Bundan başqa, Dövlət Proqramı üzrə görülən işlərə nəzarət etmək məqsədilə interaktiv xəritə hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti