...

Bakı qəsəbələrində investisiya layihələrinin maliyyələşdirilməsinə 17 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2011 19:37 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Suraxanı rayonunun qəsəbələrində və digər Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 8,7 milyon manatdan çox güzəştli kredit vəsaiti verilib.
Bakı qəsəbələrində investisiya layihələrinin maliyyələşdirilməsinə 17 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Suraxanı rayonunun qəsəbələrində və digər Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkarlıq subyektinə 8,7 milyon manatdan çox güzəştli kredit vəsaiti verilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Bu kreditlər hesabına 318 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbir Hövsan qəsəbəsində Suraxanı rayonunda fəaliyyət göstərən 150-dək sahibkarın iştirakı ilə keçirilib.

Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş Abşeron rayonunun Məhəmmədi kəndindəki "Nəzər" KTM müəssisəsinin inşa etdirdiyi illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatında aparılan tikinti işlərinə və "Baxçasaray" MMC-nin inşa etdirdiyi illik istehsal gücü 8 milyon ədəd dekorativ bitkilər olan istixana təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilib.

Fondun vəsaitləri hesabına 2011-ci ilin ötən dövrü ərzində ümumilikdə sahibkarlıq subyektlərinin 743 investisiya layihəsinin maliyyələşdirilməsinə 61,9 milyon manat, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 42 böyük və iri həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 53,2 milyon manat və 701 kiçik həcmli investisiya layihəsinin maliyyələşdirilməsinə 8,7 milyon manat güzəştli kredit vəsaiti verilib.

Bu dövrdə Bakı şəhəri və ətraf qəsəbələr üzrə 95 investisiya layihəsinin maliyyələşdirilməsinə 16,9 milyon manat güzəştli kredit verilib ki, bu vəsaitlər hesabına Bakı şəhəri və ətraf qəsəbələr üzrə 839 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti