Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir N.İsmayılova/
Beynəlxalq Maliyyə Korporasiyası və Azərbaycan bankı "TuranBank" çərşənbə axşamı mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsinin maliyyələşdirilməsi üçün 7 milyon dollar məbləğində maliyyələşdirmənin verilməsinə dair kredit sazişi imzalayıblar.
Bank tərəfdən sazişi idarə heyətinin sədri Nazim Sadıxov, BMK tərəfdən baş menecer Edvard Strouderman imzalayıb.
"Bu kredit xəttinin verilməsi banka bütün ölkə üzrə mikro, kiçik və orta kreditləşdirməni artırmağa, eləcə də bankın maliyyə vəziyyətini yaxşılaşdırmağa imkan verəcək", - Strouderman qeyd edib.
Onun sözlərinə görə, bank tərəfindən korporativ idarəetmə və risklərin idarə edilməsi təcrübəsinin təkmilləşdirilməsi bu kreditin verilməsində əsas faktordur.
BMK-nın krediti bankın mövcud filiallarında, eləcə də şəhər və kənd yerlərində yeni filiallarda kiçik və orta sahibkarlığın kreditləşdirilməsinin maliyyələşdirilməsi həcminin artırılmasına dəsətəyə yönəldiləcək.
"TuranBank"ın Azərbaycan ərazisindən fəaliyyət göstərən 11 filialı var.
"TuranBank" 1992-ci ildə yaradılıb. Bankın 25 səhmdarı var. Onların beşi hüquqi şəxs (21,8 faiz), 20-si fiziki şəxsdir (78,2 faiz).