...

Azərbaycanda daha bir sığorta şirkətinin adının dəyişdirilməsinə icazə verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 13:54 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) əvvəllər "AZAL Sığorta" ASC-yə verilən sığorta fəaliyyəti üzrə müddətsiz lisenziyanın şirkətin adının dəyişdirilməsi ilə əlaqədar yeniləyib.
Azərbaycanda daha bir sığorta şirkətinin adının dəyişdirilməsinə icazə verilib

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Axundov/

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) əvvəllər "AZAL Sığorta" ASC-yə verilən sığorta fəaliyyəti üzrə müddətsiz lisenziyanın şirkətin adının dəyişdirilməsi ilə əlaqədar yeniləyib. Trend-in məlumatına görə, bu barədə DSNX-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Yenilənmiş lisenziya iyulun 6-da "İpək Yolu Sığorta" ASC adına verilib.

Bir az əvvəl şirkətin idarə heyətinin sədri Niyazi Səfərlinin Trend-ə dediyi kimi, rebrendinq şirkətin yeni inkişaf strategiyası ilə əlaqədardır.

"Bu, səhmdarların tərkibindəki dəyişikliklərlə bağlı deyil, biz "Silk Way" qrupunun tərkibində qalmaqda davam edirik. Adın dəyişdirilməsi şirkətin 2011-2012-ci illər üzrə gələcək strateji inkişaf planına daxildir", - Səfərli bildirib.

Onun sözlərinə görə, yeni strategiya ölkənin sığorta bazarındakı dəyişikliklər, sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də sığortanın icbari növləri nəzərə alınmaqla işlənib hazırlanıb.

"Biz habelə öz fəaliyyətimizi bu dəyişikliklərə uyğunlaşdırmaq istəyirik", - Səfərli bildirib.

Onun sözlərinə görə, şirkətin nizamnamə kapitalı ötən ilin yekunları üzrə əldə olunan 1,855 milyon manatlıq mənfəət hesabına 8,855 milyon manatadək artırılıb.

Yanvar-mayda "İpək Yolu Sığorta" SŞ 7,79 milyon manat məbləğində mükafat toplayaraq ölkənin sığorta bazarında ikinci nəticəni göstərib, 2,77 milyon manat məbləğində ödəniş həyata keçirib. Şirkət yığımların həcminin artacağını gözləyir. Bununla bağlı Səfərli proqnozlar səsləndirməkdən imtina edib.

Hava nəqliyyatının sığortası üzrə ixtisaslaşan "AZAL Sığorta" 1995-ci ildə yaradılıb.

İyulun 11-nə olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti