Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir N.İsmayılova/
Mərkəzi Bank (AMB) fəaliyyətinin 20 illiyi münasibətilə "Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu" mövzusunda məqalə müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.
Məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanın iqtisadi inkişafında Mərkəzi Bankın fəaliyyətinin KİV-lərdə işıqlandırılması, KİV-lər vasitəsilə bank sektorunda həyata keçirilən tədbirlər barədə ictimaiyyətin geniş məlumatlandırılmasıdır.
Müsabiqəyə 5 sentyabr - 30 dekabr 2011-ci il tarixləri ərzində mərkəzi və regional elektron və çap KİV-lərdə müsabiqənin mövzusuna uyğun çap olunacaq məqalələr qəbul olunur. Müsabiqə üçün təqdim olunacaq məqalələr ölkənin iqtisadi inkişafında Mərkəzi Bankın rolu və onun fəaliyyət istiqamətlərini əhatə etməlidir.
Müsabiqəyə təqdim olunacaq bütün məqalələr Mərkəzi Bankın 20 illik yubileyi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi tərəfindən qiymətləndiriləcək, qaliblərə xüsusi sertifakatlar və pul mükafatları (1-ci yer 2000 manat, 2-ci yer 1500 manat, 3-cü yer 1000 manat) veriləcək.
Müsabiqənin elanı haqqında ətraflı məlumat və qaydalar Mərkəzi Bankın internet səhifəsində (www.cbar.az) yerləşdirilib.
Əlavə məlumat üçün (+99412) 493 11 22 zəng etmək və ya [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.