...

Azərbaycan CAREC ölkələri arasında gömrük xidmətlərinin modernləşdirilməsi sahəsində liderlik edir - AİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2011 16:24 (UTC +04:00)
Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının iştirakçısı olan ölkələr arasında gömrük xidmətlərinin modernləşdirilməsi sahəsində aparıcı yerlərdən birini tutur.
Azərbaycan CAREC ölkələri arasında gömrük xidmətlərinin modernləşdirilməsi sahəsində liderlik edir - AİB

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının iştirakçısı olan ölkələr arasında gömrük xidmətlərinin modernləşdirilməsi sahəsində aparıcı yerlərdən birini tutur. Trend-in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) Şərqi Asiya departamentinin nümayəndəsi Yinq Qian bazar ertəsi jurnalistlərə bildirib.

CAREC proqramı əməkdaşlıq yolu ilə inkişafı təbliğ etmək, artıma nail olmaq və yoxsulluğu azaltmaq üçün birgə fəaliyyət göstərən 10 ölkənin tərəfdaşlıq təşəbbüsüdür və 6 beynəlxalq institut tərəfindən dəstəklənir.

CAREC Mərkəzi Asiya ölkələrinə və onların qonşularına 4 əsas sahədə (nəqliyyat, ticarətin əlaqələndirilməsi, ticarət siyasəti və enerji) regional əməkdaşlığı təbliğ etməklə öz potensiallarını realizə etmək imkanı verir. CAREC-in 10 üzvü var: Əfqanıstan, Azərbaycan, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan. CAREC-in həmçinin 6 beynəlxalq tərəfdaşı var: Asiya İnkişaf Bankı (AİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BFV), İslam İnkişaf Bankı (İİB), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və Dünya Bankı.

Bazar ertəsi Bakıda CAREC-in Gömrük əməkdaşlığı komitəsinin 10-cu iclası öz işinə başlayıb. İkigünlük iclas çərçivəsində yeddi plenar iclas keçiriləcək.

"CAREC-in 10 ölkəsi arasında Azərbaycan regional əməkdaşlıq baxımından aparıcı yerlərdən birini tutur, eləcə də "bir pəncərə" prinsipi tətbiq etməklə gömrük xidmətlərinin modernləşdirilməsi sahəsində digər ölkələri qabaqlayır", - Qian deyib.

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) texniki attaşesi Takaşo Matsumotonun bazar ertəsi jurnalistlərə dediyi kimi, qaçaqmalçılıqla mübarizə və digər gömrük sahələrində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda hüquq pozuntularının sayı azalıb.

"Biz ticarətin sadələşdirilməsində irəliləyiş müşahidə edirik. Bununla yanaşı, dövlət büdcəsində gəlirlərin həcmi artır", - Matsumoto deyib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə, bu görüşün yeni formatda keçməsi Azərbaycan üçün çox vacib və maraqlıdır.

"Əgər əvvəllər görüş iki gün davam edirdisə, indi AİB-in təşəbbüsü ilə iki gün ərzində Azərbaycanın təcrübəsi öyrəniləcək, üçüncü gün isə iclas iştirakçıları Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" sərhəd-buraxılış məntəqəsinə səfər edəcəklər", - Əliyev deyib.

Onun sözlərinə görə, iclasda baxılacaq əsas məsələlər yeni modellərin tətbiqi, gömrük işində infofrmasiya texnologiyaları, eləcə də sərhəddə "bir pəncərə"dən istifadədir.

Xəbər lenti

Xəbər lenti