...

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və gənc menecerlər üçün treninqlərə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2011 20:48 (UTC +04:00)
Sentyabrın 30-da 53 nəfər sahibkar və gənc menecer arasında Almaniyanın GİZ təşkilatının və Almaniyanın Menecment Akademiyasının nümayəndələri tərəfindən keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və gənc menecerlər üçün treninqlərə başlanıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir N.İsmayılova/

Məlumat verildiyi kimi, İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli proqramı" çərçivəsində sahibkarların və gənc menecerlərin Almaniyaya ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqə elan edib.

Sentyabrın 30-da 53 nəfər sahibkar və gənc menecer arasında Almaniyanın GİZ təşkilatının və Almaniyanın Menecment Akademiyasının nümayəndələri tərəfindən keçirilmiş müsabiqənin nəticələri açıqlanıb. Nəticələrə əsasən, iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən və ingilis dilini mükəmməl bilən 29 nəfər namizəd müsabiqədə müvəffəqiyyət qazanıb. Onlardan 25 nəfəri noyabrın 1-dən 30-dək Almaniyanın Menecment Akademiyasında və fəaliyyət göstərdikləri sahələr üzrə tədris və təcrübə keçəcək, aqrar sahəni təmsil edən 2 nəfər rusdilli namizəd isə beynəlxalq qrupun tərkibində 2012-ci ilin mart-aprel aylarında Almaniyada ixtisasartırma kursu keçəcək. 2 nəfər namizəd isə ehtiyatda saxlanılıb.

Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, oktyabrın 1-də müsabiqədən keçmiş namizədlər üçün Almaniyanın GİZ təşkilatının beynəlxalq eksperti Vladislav Belov tərəfindən Bakı Biznes Tədris Mərkəzində treninqə başlanıb. 2 gün davam edən tədbirdə sahibkarlara və gənc menecerlərə təqdimatların hazırlanması və təqdim olunması qaydaları, Almaniya şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində həmçinin, İqtisadi İnkişaf Nazirliyinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən iştirakçılara "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "Elektron ticarət və sahibkarlıq fəaliyyətinin inkişafında onun rolu" mövzularında təqdimatlar keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanıb.

Xəbər lenti

Xəbər lenti