...

Azərbaycanda növbəti dəfə istehlakçıların aldadılması faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2011 20:09 (UTC +04:00)
Şahvələd Hüseynova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı naqillərin istehlakçıda Türkiyə istehsalı təəssüratı yaradan formada markalandığı müəyyən edilib.
Azərbaycanda növbəti dəfə istehlakçıların aldadılması faktı aşkar edilib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında Şahvələd Hüseynova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı naqillərin istehlakçıda Türkiyə istehsalı təəssüratı yaradan formada markalandığı müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Belə ki, "Lider Kablo" adlı naqillərin qablaşdırma materialının üzərində "Kablo kesiti", "Kablo tipi", "Nominal gerilim", "Üretim yılı 2008" sözlərinin, markalanmamış müxtəlif ölçülü naqillərin izolyasiya materiallarının üzərində isə "Kablo Hosuuf" sözlərinin yazıldığı aşkar edilib.

Bundan başqa, yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan "Lider kablo" elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halına yol verildiyi müəyyən olunub. Belə ki, qablaşdırılmış həmin naqillərinin uzunluğunun 100 metr olması göstərildiyi halda, naqilin faktiki uzunluğunun 81 metr olduğu aşkar edilib.

Yoxlama zamanı həmçinin, "Lider kablo" adlı elektrik naqillərinin etiketinin üzərində istehsalçı müəssisə, məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənəd barədə məlumatın göstərilmədiyi müəyyən olunub.

Yol verilmiş qanun pozuntuları ilə əlaqədar aşkar edilmiş 71,2 min metr elektrik naqillərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür malların geri yığılması barədə sahibkar Şahvələd Hüseynova icrası məcburi göstəriş verilib.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti