Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Axundov/
Latviyanın "Parex bank"ı 2005-ci ilin martından fəaliyyət göstərən Azərbaycanın "Parex Leasing & Factoring" lizinq şirkətində yüzfaizlik payını Hollandiyanın "SWITLAR İnvestments" şirkətinə satıb. Sövdələşmə cümə axşamı baş tutub.
"Bu, danışıqların son mərhələsi idi. Bu gün lizinq şirkətinin yeni sahibinə mülkiyyət hüququnun və başqa hüquqi sənədlərin tam təhvil verilməsi rəsmiləşdirildi", - Trend-in məlumatına görə, cümə axşamı lizinq şirkətinin baş direktoru İqor Osipenko sövdələşmənin rəsmiləşdirilməsi mərasimində deyib.
Onun sözlərinə görə, müqavilənin dəyəri 3,4 milyon dollar təşkil edir.
"Yaxın gələcəkdə şirkətin rebrendiq edilməsi zərurəti yoxdur. Biz bu barədə keçmiş mülkiyyətçilərlə razılığa gəlmişik. Şirkətin rəhbərliyi də hələlik dəyişməyəcək", - Osipenko deyib.
Onun sözlərinə görə, 2008-ci ildən şirkət aktiv fəaliyyət göstərmir.
"Şirkətin işinin əsas istiqamətləri ilə bağlı aktiv fəaliyyət olmayıb, yeni lizinq müqavilələri bağlanmayıb, yalnız şirkətdə olan portfel işləyib", - Osipenko deyib.
Onun sözlərinə görə, şirkət yeni mülkiyyətçilərin istəyi ilə yaxın vaxtlarda aktiv fəaliyyətini bərpa edəcək.
"Biz yaxın vaxtlarda yeni mülkiyyətçilərlə mövcud vəziyyətin təhlilini aparacaq, şirkətin maliyyə imkanlarına baxacaq, gələcək fəaliyyətin xarakterini müəyyən edəcəyik", - Osipenko qeyd edib.
Lizinq şirkətinin satışı Latviya bankının aktivlərinin bölünməsi ilə əlaqədardır. Bunun nəticəsində iki yeni bank - "Parex banka" və "Citadele banka" yaranıb. "Citadele banka" SC "Parex banka" SC-nin təkrar strukturlaşması planı çərçivəsində yaranan kredit təşkilatıdır və onun təsisçisi "Parex bank"ın bütün yaxşı aktivləri və müştərilərinin köçürüldüyü "Privatizācijas aģentūra" Dövlət Səhmdar Cəmiyyətidir.
"Parex banka" SC-nin təkrar strukturlaşması planı çərçivəsində yaranan "Citadele banka"nın səhmlərinin 25 faizi Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) məxsusdur. Dövlət bankına qoyulan vəsaitlərin bir hissəsi, yəni 692 milyon lat köhnə "Parex banka"dа qalıb, 230 milyon lat isə yeni banka keçirilib.
Azərbaycanın "Parex Leasing & Factoring" lizinq şirkətinin nizamnamə kapitalı 50 min dollarla ödənilib.