Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Cümə axşamı "Bank Standard"ın baş ofisində irsi xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün donor aksiyası keçirilib. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
Təşkil olunmuş qanvermə aksiyasında "Bank Standard"ın idarə heyətinin sədri və onun muavinlərinin timsalında bank rəhbərliyi, şöbə müdirləri və bankın sıravi işçiləri iştirak ediblər. Baş ofisin əməkdaşları ilə yanaşı, bankın paytaxt filiallarının işçiləri də qan verməyə gəliblər.
İrsi xəstəlik kimi tanınan talassemiyanın təəssüf ki, ölkə əhalisi arasında yayılmış olması bir həqiqətdir. Bu xəstəliyə düçar olan xəstənin ömür boyu müntəzəm qan köçürməsinə ehtiyacı var.
"Bank Standard"ın donor aksiyası zamanı toplanan qan ehtiyatı hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək. Bankın mətbuat xidmətinin məlumatına görə, belə tədbirlər bundan sonra da müntəzəm şəkildə keçiriləcək.
Bu günlərdə "Bank Standard" Xəzər rayonunun 12 saylı internat evinin uşaqlarına bankın maliyyə dəstəyi ilə çap olunmuş kitabları hədiyyə edib.