Azərbaycan, Bakı, 24 oktyabr /Trend/
"Atəşgah" Sığorta Qrupuna daxil olan "Atəşgah Həyat" sığorta şirkəti (SŞ) Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə növbəti sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
2011-ci ilin fevralında öz əməkdaşlarını "Atəşgah Həyat" SŞ-də sığortalamış sənaye müəssisələrindən birinin əməkdaşı (satış meneceri) yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.
Bu sığorta hadisəsi ilə bağlı birdəfəlik sığorta ödənişinin məbləği bağlanılmış müqaviləyə uyğun olaraq 12 715 AZN təşkil edib. Məbləğ faydalanan şəxsə - həla olmuşun himayəsində azyaşlı qızı olan həyat yoldaşına təqdim edilib.
2011-ci ilin əvvəlindən "Atəşgah Həyat" SŞ-yə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə 30-dan artıq sığorta hadisələri ilə bağlı müraciət daxil olub.
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanunu 2010-ci ilin dekabrından tətbiq olunmağa başlayıb.
Xatırladaq ki, bu sığorta növü üzrə Azərbaycanda 30 000 AZN məbləğində ən iri sığorta ödənişi 29 iyun 2011-ci il tarixində "Atəşgah Həyat" SŞ tərəfindən həyata keçirilib.
"Atəşgah Həyat" SŞ həyat sığortası üzrə həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta xidmətlərini təklif edir.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. Şirkət 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də kommersiya təşkilatları olan - İSR HOLDİNG və RAN-Eksim-dir.
"Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən "Atəşgah" SQ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.