...

AİB informasiyaya çıxışı sürətləndirəcək və genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2011 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir N.İsmayılova/

Hesabatlılığı və şəffaflığı artırmaq məqsədilə Asiya İnkişaf Bankı (AİB) öz İctimai Kommunikasiya Siyasətinə etdiyi dəyişikliklərə uyğun olaraq, məlumatların ictimaiyyət üçün açıqlanmasını genişləndirəcək və sürətləndirəcək. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Yeni dəyişikliklər AİB-ə üzv olan ölkələrin hökumətləri, özəl sektorları, inkişaf tərəfdaşları, vətəndaş cəmiyyəti təşkilatları, elm ictimaiyyəti və media da daxil olmaqla, 500-dən yuxarı maraq qurumlarının rəyini öyrənməklə hazırlanıb.

Bankın dəyişən siyasəti 2012-ci ilin aprelin 2-dən qüvvəyə minəcək.

"Əldə edilən cavablar AİB-in şəffalığın standartlarının yaxşı qaldığını göstərsə də, biz etiraf edirik ki, zaman dəyişib və yeni siyasət bu dəyişikliklərə cavabımızdır", - bankın prezidenti Haruhiko Kurodanın sözlərinə istinadən AİB-in məlumatında deyilir.

Edilən ən əhəmiyyətli dəyişikliklərdən biri ölkələr üzrə tərəfdaşlıq strategiyaları və kredit layihələri ilə bağlı məlumatların daha erkən açıqlanmasıdır. Layihələr təsdiq üçün AİB-in Direktorlar Şirasına göndərilən kimi üzv ölkənin razılığı ilə layihə haqqında məlumatlar açıqlanacaq. Əvvəllər Direktorlar Şurası təsdiq etmədən layihə haqqında məlumat yayıla bilməzdi.

Vacib yeniliklərdən biri də üç beynəlxalq ekspertdən ibarət müstəqil şikayətlər komitəsinin formalaşdırılmasıdır. Yeni mexanizm AİB-dən informasiya əldə edə bilməmiş tərəflərin istəyini araşdıracaq. Ölkələr daxilində aparılan kommunikasiya işləri də genişləndiriləcək. Məqsəd ictimaiyyətə AİB-in həmin ölkədə həyata keçirdiyi layihələr və fəaliyyətlər haqqında daha ətraflı məlumat verməkdir.

AİB Manilada yerləşir və qurumun əsas məqsədi hərtərəfli iqtisadi artım, ekoloji cəhətdən davamlı inkişaf və regional inteqrasiya yolu ilə Asiya və Sakit okean hövzəsində yoxsulluğun azaldılmasıdır. 1966-cı ildə təsis edilən AİB-in 67 üzvü var. Bunlardan 48-i Asiya və Sakit okean regionunda yerləşir.

2010-cu ildə birgə maliyyələşmə də daxil olmaqla AİB-in ayırdığı kreditlərin həcmi 17,51 milyard ABŞ dolları təşkil edib. AİB-in hazırkı Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində 2,8 milyard dollarlıq ticarət dövriyyəsinə dəstək verilib.

Xəbər lenti

Xəbər lenti