Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir A. Axundov/
Kənd təsərrüfatı və turizm Azərbaycanda yeni iş yerlərinin açılması üçün böyük potensiala malik istiqamətlərdəndir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Layiqli əməyin təmin edilməsində Dövlət Məşğulluq İdarəsinin rolu, müasir yanaşmalar və prioritetlər" mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan parlamentinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
Konfrans Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə çərşənbə günü Bakıda keçirilir.
"Son səkkiz il ərzində Azərbaycanda 900 mindən çox yeni iş yeri açılıb. Ölkədə yeni iş yerlərinin açılması baxımından kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının emalının müxtəlif sahələri, eləcə də turizm xidmətləri sahəsi böyük potensiala malikdir", - Rəcəbli deyib.
Onun sözlərinə görə, Azərbaycanda üç ildi "Sosial xidmət haqqında" qanunun hazırlanması işləri aparılır. Qanunun qəbulu ölkə əhalisinin sosial müdafiəsinin güclənməsi sahəsində vacib hadisə olacaq.
"Qanun sosial xidmətlərin əhatəsini genişləndirəcək, sosial xidmət sahəsində fəaliyyət göstərən dövlət strukturlarının, təşkilatların, elmi-tədqiqat birliklərinin sayını artıracaq", - Rəcəbli bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun konfransda bildirdiyinə görə, Azərbaycanda layiqli əməyin təmin edilməsi sahəsində əsas vəzifə ölkəyə yüksəkkeyfiyyətli işçi qüvvəsinin cəlb edilməsidir.
"Bununla paralel ölkə iqtisadiyyatının artım tempini dəstəkləmək üçün əsas vəzifə yerli işçi potensialının inkişafıdır", - Ələkbərov deyib.
Onun sözlərinə görə, nazirliyi narahat edən məsələ qeyri-rəsmi məşğulluqdur. Bu fakt layiqli əməyin təmin edilməsində problemlər yaradır.
"Bu problemi həll etmək üçün inzibati tədbirlər kifayət etmir, sosial tərəfdaşlarla əməkdaşlığı genişləndirmək lazımdır", - Ələkbərov qeyd edib.