...

Azərbaycanın Vergilər Nazirliyinə vergi ödənişindən yayınma ilə bağlı 102 beynəlxalq sorğu daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2011 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə 102 beynəlxalq sorğu daxil olub. Trend-in məlumatına görə, bu barədə ölkənin vergilər nazirinin müavini Namiq Əliyev cümə axşamı Bakıda keçirilən MDB üzvü olan ölkələrin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının XIII iclasında deyib.

"Ümumilikdə, nazirliyə Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan 102 beynəlxalq sorğu daxil olub ki, onlar əsasən vergi ödənişindən yayınma və markalanmamış məhsulların satışı faktları üzrədir", - Əliyev deyib.

Onun sözlərinə görə, departamentin fəaliyyətə başladığı vaxtdan cəmi 3180 cinayət faktı aşkar edilib ki, onların 89,7 faizi vergi ödənişindən yayınmaya aiddir. Departament tərəfindən dövlət büdcəsinə ümumi məbləği təxminən bir milyard avro olan vergilərin ödənişindən yayınma faktı üzrə 2747 cinayət işi qaldırılıb.

Şuranın ikigünlük iclası ərzində MDB məkanında iqtisadi təhlükəsizliyin müdafiəsində strukturun rolu, MDB ölkələri vergi (təhqiqat) orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də cinayətkarlıqla mübarizə, birgə xüsusi əməliyyatların aparılması və əməliyyat-axtarış fəaliyyəti müzakirə olunacaq.

Görüşdə cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq edən MDB ölkələrində rəhbər strukturların əlaqələndirici iclası və Nizamnaməsi haqqında qərarın layihəsinə baxılacaq.

MDB üzvü olan ölkələrin Vergi (maliyyə) tədqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurası 1999-cu ilin iyununda yaradılıb. Şuranın son iclası 2010-cu ildə Qazaxıstanda keçirilib.

Xəbər lenti

Xəbər lenti