...

Azərbaycanın strateji valyuta ehtiyatları dünya böhranının nəticələrini aradan qaldırmağa kifayət edir - BVF

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2011 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir N.İsmayılova/

Ölkənin Mərkəzi Bankının və Dövlət Neft Fondunun sərəncamında olan Azərbaycanın strateji valyuta ehtiyatları, yaranacağı təqdirdə dünya böhranının nəticələrini aradan qaldırmaq üçün kifayət edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Beynəlxalq Valyuta Fondunun (BVF) ölkə üzrə missiyasının rəhbəri, Fondun Yaxın Şərq və Mərkəzi Asiya üzrə Departamentində (MCD) şöbə direktorunun müavini Nədim İlahi Bakıda keçirilən mətbuat konfransında deyib.

BVF-in missiyası oktyabrın 20-dən noyabrın 2-dək Azərbaycan hökuməti ilə "BVF-in yaradılması haqqında" sazişin IV maddəsı üzrə məsləhətləşmələr aparmaq üçün Bakıdadır. Məsləhətləşmələr daimi əsasda hər il aparılır.

"Neft gəlirləri mühafizəkar şəkildə idarə edilməlidir. Əsas, riskləri artırmamaqdır və Azərbaycan hökuməti bunu yaxşı dərk edir", - o deyib.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları keçir ki, bu da ölkəyə mal və xidmətlərin dördillik ixracını təmin edir.

Azərbaycan Mərkəzi Bankının sərəncamındakı valyuta ehtiyatları ilin 9 ayının yekununa əsasən, 6943,3 milyard dollara, ölkənin Dövlət Neft Fondunun aktivləri isə 32 242,5 milyard dollara çatıb.

Hökumət gözləyir ki, 2011-ci ilin sonuna qədər Azərbaycanın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun (ÜDM) 75 faizlik həcminə çatacaq.

Hazırda Azərbaycanın valyuta ehtiyatları ölkə ÜDM-nin 65,7 faizini təşkil edir.

Azərbaycan strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə dünyada qabaqcıl mövqelərdə qərarlaşıb. Belə ki, Braziliyada bu göstərici 15,1 faiz, Rusiyada 32,8 faiz, Hindistanda 22,6 faiz, Çində 47,6 faiz, Qazaxıstanda 39,4 faiz, Qətərdə 31,5 faiz, Küveytdə 15,1 faiz, İndoneziyada isə 21,8 faiz təşkil edir.

Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin fikrincə, növbəti 10 il ərzində Azərbaycanın strateji valyuta ehtiyatları 100 milyard dollara çata bilər.

Xəbər lenti

Xəbər lenti