...

Şahin Mustafayev: 2015-ci ildə Azərbaycan ÜDM-ində qeyri-neft sektorunun payı 61,3 faizə çatacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2011 17:31 (UTC +04:00)
Azərbaycanda diversifikasiya üzrə aparılan uğurlu iqtisadi siyasət 2015-ci ildə neft sektorunun ÜDM-də payının 2010-cu ildəki 48,5 faizdən 29,3 faizə qədər azalmasına gətirib çıxaracaq.
Şahin Mustafayev: 2015-ci ildə Azərbaycan ÜDM-ində qeyri-neft sektorunun payı 61,3 faizə çatacaq

Azərbaycan, Bakı, 22 noyabr /Trend müxbir İ.Xəlilova/

Azərbaycanda diversifikasiya üzrə aparılan uğurlu iqtisadi siyasət 2015-ci ildə neft sektorunun ÜDM-də payının 2010-cu ildəki 48,5 faizdən 29,3 faizə qədər azalmasına gətirib çıxaracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdə 2012-ci il və növbəti üç il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

"Nəticədə qeyri-neft sektorunun ÜDM-də payı 2015-ci ildə 44,4 faizdən 61,3 faizə çatacaq", - nazir bildirib.

Onun sözlərinə görə, son illərdə olduğu kimi 2012-ci ildə iqtisadi artım qeyri-neft sektorunun hesabına təmin ediləcək və bu sektorun artımı 8,6 faiz səviyyəsində proqnozlaşdırılır, növbəti üç ildə isə orta hesabla 8 faiz təşkil edəcək.

"Bu, qeyri-neft sektorunun dinamik inkişafına, ölkə iqtisadiyyatının diversifikasiyasına yönəldilmiş siyasətin nəticəsidir", - nazir deyib.

Bütövlükdə, qeyri-neft sektorunun inkişafında "Azərbaycan Respublikasının regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə, o cümlədən istehsal və xidmət müəssisələrinin tikilməsinə böyük yer verilir. 2011-ci ilin altı ayı ərzində ölkədə 60-dan çox müəssisə, o cümlədən 20-dən çox sənaye müəssisəsi tikilib istifadəyə verilib.

Hazırda regionlarda 200-dən çox müəssisə, o cümlədən 70-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir və SKMF tərəfindən maliyyələşdirilən 75 istehsal-emal müəssisəsinin istifadəyə verilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti