Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir E.İsmayılov/
Krım Muxtar Respublikası turist axınının inkişafı məqsədilə Azərbaycan təyyarələri üçün aeroportun xidmətlərindən istifadə üzrə 50 faizlik endirimlər etməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Bakıda səfərdə olan Krımın kurortlar və turizm naziri Aleksandr Liyev deyib.
"Krım tərəfi Azərbaycan təyyarələrinin təqdim edə biləcəkləri reklam xidmətləri üçün güzəştlər etməyə hazırdır", - nazir bildirib.
Hazırda Azərbaycanla Ukrayna arasında illik turizm axını 90 min nəfər səviyyəsindədir ki, onların 60 mini azərbaycanlı, 30 mini isə ukraynalı turistlərin payına düşür.
"Əsas məqsədlərdən biri 2015-ci ilədək bu ümumi göstəricini ildə 200 min nəfərədək çatdırmaqdır", - Liyev qeyd edib.
Azərbaycanlı turistlərin Krıma cəlb edilməsi məqsədilə Krım tərəfi Azərbaycanın turizm operatorlarına sutkada 30 avro təşkil edən paketlərin təqdim edilməsini təklif edir. Həmin paketlərə yemək, zəruri prosedurlar və müalicə daxildir.
Liyevin fikrincə, dəyəri 600 avroya yaxın təşkil edən turist paketləri optimaldır. Onun dəyərinin yarısını turist putyovkası, qalanını isə aviauçuş təşkil edir.
Krım dünya turizm bazarında öz mövqeyini bərpa etmək məqsədilə 19 əsas region seçib ki, onlardan biri də Azərbaycandır. Azərbaycanlı turistləri cəlb etmək məqsədilə Krım tərəfi Azərbaycanın imkanlarının ödənişsiz əsasda yerli televiziyada təqdimatını, Krımın turizm şirkətlərinin promo turlarını, Krımda Azərbaycan günlərinin keçirilməsini təşkil etməyə hazırdır.
Krım tərəfinin Azərbaycanla qurmaq istədiyi əməkdaşlıq Azərbaycan istiqamətində də turist axınının artırılması məqsədini daşıyır.
Mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun sözlərinə görə, Quba, Qusar, Nabran, Naftalan və ölkənin digər regionları Azərbaycanda ukraynalı turistlər üçün yetərincə cəlbedici olacaq.