Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir N.İsmayılova/
Çərşənbə axşamı Azərbaycanda mobil rabitə operatoru "Bakcell LTD" MMC 40 milyon manat həcmində faizli, adlı, sənədsiz, təmin edilməmiş istiqrazlarının emissiya prospektinin yerləşdirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 40 min istiqraz qeydiyyata alınıb. İstiqrazların yerləşdirilməsi qapalı abunə yolu ilə keçiriləcək. İstiqrazların dövriyyə müddəti 9,5 faiz gəlirliliklə 1080 gün təşkil edir. Faizlər üzrə ödəniş müddəti 90 gündür. Yerləşdirməni "Unicapital" həyata keçirir.
Bu sövdələşmə çərçivəsində Azərbaycan bankı "Unibank"ın törəmə şirkəti "Unicapital" iri xarici sərmayədarın Azərbaycan bazarına çıxışına kömək edir.
"Hazırda Qərb bazarlarında elə vəziyyət yaranıb ki, Azərbaycan bazarına diqqət artır. Biz bu sövdələşmədə xarici sərmayədarların iştirak imkanlarını istisna etmirik", - çərşənbə axşamı "Unibank"dan Trend-ə bildiriblər.
Bankdan deyildiyi kimi, təkrar bazarda istiqrazlara marağın artacağı proqnozlaşdırılır.
"Unibank" 2002-ci il oktyabrın 15-də iki özəl kommersiya bankı - "Mbank" və "Promtekhbank"ın birləşməsi nəticəsində yaranıb. "Unibank" universal maliyyə-kredit müəssisəsidir, pərakəndə və korporativ xidmətlər təklif edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (15,1515 faiz) və DEG Almaniya İnvestisiya Korporasiyası (8,3333 faiz) kimi maliyyə institutları bankın səhmdarlarıdır.
Dekabrın 27-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.