Azərbaycan, Bakı, 5 yanvar /Trend/
Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta" yerli "Express Bank"ın korporativ tibbi sığortaçısının müəyyən olunmasına dair müsabiqənin qalibi elan olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Paşa Sığorta"nın yaydığı məlumatında deyilir.
Seçimin nəticələri ilə bağlı müvafiq müqavilə tərəflər arasında keçən həftə bağlanıb.
"Express Bank"ın tibbi sığorta proqramı bank, inzibati və texniki işçilərin müxtəlif kateqoriyaları daxil olmaqla, bankın bütün əməkdaşlarını əhatə edir.
"Bank sektoru ənənəvi olaraq şirkətin tibbi sığortasının inkişafı üçün strateji seqment rolunu oynayır və biz fəxr edirik ki, bu gün iri sənaye və xidmət müəssisələri ilə yanaşı, "Paşa Sığorta"nın tibbi sığortalıları siyahısında "AccessBank", "Paşa Bank", "Muğan Bank", "Bank Avrasiya", "United Credit Bank" kimi bank institutları və digər maliyyə təşkilatları yer alıb", - "Paşa Sığorta"nın Tibbi və Səyahət Sığortası Departamentinin müdiri Rəna Məmmədova müqavilənin imzalanmasını şərh edərkən Trend-ə deyib.
Onun sözlərinə görə, "Express Bank"ın sığortaçı tərəfdaşının seçilməsi prosesində təklif qiymətindən savayı sığortalılara göstərilən xidmətlərin keyfiyyəti və onların ehtiyaclarına fərdi yanaşma kriteriyaları sığortaçının müəyyən olunmasında həlledici faktorlardan olub.
"Əminəm ki, "Express Bank"ın tibbi sığorta aspektlərinə peşəkar yanaşması və "Paşa Sığorta"nın Tibbi Sığorta Xidmətlərinin və Tibbi Assistansının müştərilərin maraqlarına yüksək dərəcədə yönəldilməsi bizim şirkətlərimiz arasında uzunmüddətli əlverişli əməkdaşlıq üçün zəruri baza yaradacaq", - Məmmədova bildirib.
Çoxprovayderli xidmət modeli üzərində qurulmuş "Paşa Sığorta"nın Korporativ Tibbi Sığorta Proqramı tibbi sığorta müqaviləsi çərçivəsində müştərilərin müraciətlərinə gün ərzində fasiləsiz təminatı həyata keçirir və ölkənin 18 qabaqcıl özəl tibb müəssisələrində və aptek şəbəkələrində müştərilərə göstərilən təcili, ambulator və stasionar tibbi yardımın keyfiyyətinə nəzarət edir.
2007-ci ildən etibarən "Paşa Sığorta" SŞ-nin əməliyyat sistemi tibbi sığorta xidməti və tibbi assistans daxil olmaqla sığorta məhsulları və xidmətlərinin idarə edilməsinin ISO 9001:2008 standartlarına uyğun olmasına görə Britaniya agenti "Moody International" tərəfindən sertifikat ilə təltif olunub.