Azərbaycan, Bakı, 7 yanvar /Trend müxbir N.İsmayılova/
Azərbaycanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) icraçısı olduğu müvafiq dövlət proqramları və beynəlxalq layihələr üzrə öhdəliklərin daxili imkanlar hesabına yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsi və strukturuna daxil olan qurumların ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergiləri üzrə münasibətləri tənzimləyən mexanizmi optimallaşdırılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü ölkənin Nazirlər Kabinetinin sərəncamında deyilir.
Nazirlər Kabinetinin 2011-ci il dekabrın 30-na olan sərəncamına əsasən, ARDNŞ-nin strukturuna daxil olan müəssisələrin birinin dövlət büdcəsinə ödədiyi artıq vergi məbləği hesabına digər müəssisələrinin vergi borcu Dövlət Neft Şirkətinin müraciəti əsasında əvəzləşdirilə bilər.
Bu sərəncamdan irəli gələn bütün məsələlərin həlli ölkənin Vergilər Nazirliyinə tapşırılıb.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.
ARDNŞ xarici tərəfdaşlarla birlikdə "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağı bloku və Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi kimi iri layihələrdə iştirak edir.
ARDNŞ ölkədə neft məhsullarının yeganə istehsalçısıdır (balansında iki NEZ var), eləcə də Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Bir müddət əvvəl şirkət İsveçrədə iri YDM şəbəkəsini əldə edib. ARDNŞ Türkiyənin ən iri neft-kimya kompleksi olan "Petkim"in ortaq sahibidir. Özünün ticarət bölməsi olan "SOCAR Trading" şirkəti vasitəsilə dünyanın müxtəlif regionlarında neft ticarəti həyata keçirir.