Azərbaycan, Bakı, 10 yanvar /Trend/
2011-ci il ərzində vergi cinayətlərinə qarşı mübarizə sahəsində Vergilər Nazirliyi tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faktlarla bağlı materiallar üzrə 524 cinayət işi başlanıb ki, onlardan 367-nin ibtidai istintaqı tamamlanıb, 50 iş ittiham aktı ilə baxılmaq üçün məhkəmələrə göndərilib, 317 işin icraatına xitam verilib, 3 cinayət işi aidiyyəti üzrə digər hüquq-mühafizə orqanlarına göndərilib.
Nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmaya görə 39 iş, qanunsuz sahibkarlığa görə 8 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 2 iş, özgə əmlakını mənimsəmə və vəzifə saxtakarlığına görə 1 iş olmaqla, cəmi 50 nəfər barəsində 59 cinayət işi baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 208 cinayət işinə xitam verilib. Cinayət işləri və araşdırılan materiallar üzrə 41,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 25 şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 265 şəxsin məcburi qaydada gətirilməsi, 173 şəxsin tapılıb istintaqa cəlb edilməsi, 143 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib.
Vergi yoxlamalarından yayınan 280 nəfər vergi ödəyicisi tapılaraq aidiyyəti vergi orqanlarına təqdim olunub.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.