...

Azərbaycanda güzəştli maliyyələşdirmənin 50 faizindən çoxu kənd təsərrüfatına yönəldilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2012 12:38 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ildə 138 milyon manat məbləğində 1643 layihəni maliyyələşdirib.
Azərbaycanda güzəştli maliyyələşdirmənin 50 faizindən çoxu kənd təsərrüfatına yönəldilib

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir N.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2011-ci ildə 138 milyon manat məbləğində 1643 layihəni maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı fondun rəsmi mətbuatda dərc olunmuş balans hesabatında deyilir.

Məlumata görə, həmin layihələrin SKMF-nin güzəştli kreditləri sayəsində reallaşdırılması 6478 yeni iş yerinin yaradılmasına kömək edir.

2011-ci il ərzində SKMF sənaye istehsalı və emalının müxtəlif sahələrində ümumi məbləği 27,65 milyon manat həcmində olan 104 layihəni maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının emalı sahələrində 13 layihənin reallaşdırılmasına 16,85 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 1503 layihəyə 70,4 milyon manat, xidmət sahəsinin inkişafı üçün 23 layihəyə 23,14 milyon manat ayrılıb.

Fond 19,3 milyon manat məbləğində (verilən kreditlərin ümumi portfelinin 14 faizi) 1550 kiçik kredit (kreditlərin ümumi həcminin 94,3 faizi) verib. Hesabat dövründə 4,1 milyon manat məbləğində (2,9 faiz) 18 orta kredit (1,1 faiz) və 114,61 milyon manat məbləğində (83 faiz) 75 iri kredit (4,6 faiz) verib.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi təşkilatın ümumi sayı 38 olan müvəkkil bankları və bank olmayana kredit təşkilatları tərəfindən həyata keçirilir.

Yanvarın 17-nə rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti