...

Azərbaycanda məsaməli beton istehsalı artırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2012 10:57 (UTC +04:00)
Məsaməli beton istehsalı üzrə "AAC" müasir tikinti materialları zavodunun istehsal gücü sutkada 400 kubmetrə çatdırılıb.
Azərbaycanda məsaməli beton istehsalı artırılır

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir N.İsmayılova/

Məsaməli beton istehsalı üzrə "AAC" müasir tikinti materialları zavodunun istehsal gücü sutkada 400 kubmetrə çatdırılıb. Trend-in məlumatına görə, bu brədə jurnalistlərə cümə axşamı müəssisənin Marketinq və satış şöbəsinin müdiri Vüqar Həmidov deyib.

"Zavodun gücünün artırılması həcmlərdən və bazarın tələbatından asılı olacaq. Hazırda müəssisənin gücü 600 kubmetrə, yəni zavodun layihə gücünə yaxınlaşır", - Həmidov deyib.

"Bu müəssisə öz səviyyəsinə görə dünyada həmin prinsip üzrə mövcud istənilən zavodla müqayisə oluna bilər. "AAC" müasir tikinti materialları zavodu öz komplektasiyasına görə nümunəvi hesab edilir", - "Wehrhahn" tikinti şirkətinin baş meneceri Luts Vahe jurnalistlərə deyib.

26 dekabr 2011-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə "AAC" müasir tikinti materialları zavodunun rəsmi açılışı keçirilib. Dövlət başçısı istehsalat prosesini şəxsən işə saldıqdan sonra, istehsal və hazır məhsulla yaxından tanış olub. Qeyd edək ki, dövlət başçısının qeyri-neft sektorunda sənayeləşmə siyasətinə uyğun olaraq tikilmiş "AAC" müasir tikinti materialları zavodu da innovasiya texnologiyası əsasında qurulan, tam müasir standartlara cavab verən bir müəssisədir.

Qafqazda ilk dəfə Azərbaycanda tikilən bu zavod Almaniyanın məşhur "Werhahn" şirkətinin yüksək texnologiyalı istehsal avadanlığı ilə təchiz edilib.

Zavod Bakı-Salyan şosesi, 47-ci km ünvanında 10 hektar sahədə yerləşir. Burada 12 min m² qapalı istehsal sahəsi olan məsaməli beton istehsalı zavodu, 6 min m² qapalı istehsal sahəsi olan yandırılmış və sönmüş əhəng istehsalı zavodu, Böyük Britaniyanın "CDE" şirkətinin ən son texnoloji avadanlığı ilə təchiz edilmiş 3600 m² istehsal sahəsi olan kvars qumu yuma zavodu, 8800 m² sahəsi olan hazır məhsul və 4500 m² sahəsi olan xammal anbarları, 1200 m² sahəsi olan ofis binası, 1500 m³ su anbarı, 300 m dəmir yolu xətti, 5400 m² nəqliyyat vasitələrinin saxlanılma və texniki xidməti sahəsi və 2500 m² digər təsərrüfat obyektləri yerləşir. Zavodun sahəsinə 15 min m² -lik inkişaf ərazisi də daxildir.

Zavodun tikintisinə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsi ilə 10 milyon manat dövlətin güzəştli krediti ayrılıb.

Məsaməli betonun istehsalında yerli xammaldan istifadə olunur. Bu əsasən kvars qumu və əhəng daşıdır. Qum Abşeron rayonunda UmBakı kvars qumu yatağından birbaşa zavoda gətirilir. Əhəng daşı isə Qazax rayonunda yerləşən əhəng daşı karxanasından hasil və emal olunduqdan sonra dəmir yolu vasitəsilə zavoda çatdırılır. Yüksək keyfiyyətli xammal və Almaniyanın "Wehrhahn" şirkətinin məsaməli beton istehsalı üzrə müasir texnoloji avadanlığın istifadəsi nəticəsində keyfiyyətli və tikinti sahəsində öz yerini layiqincə tutacaq "gobustone" brendi ilə məsaməli beton blokları istehsal edilir. Hazırda zavodun istehsal gücü gündə 600 m³-dir. Bundan əlavə, "AAC" Müasir Tikinti Materialları Zavodu gündə 100 ton yandırılmış və 120 ton sönmüş əhəng istehsal edir. Yandırılmış və sönmüş əhəng istehsalı "Wehrhahn" şirkətinin qabaqcıl texnologiyası əsasında qurulmuşdur. Almaniyanın müasir tələblərə cavab verən avadanlığı ilə təchiz edilmiş laboratoriya vasitəsilə xammalın və hazır məhsulun keyfiyyətinə tam nəzarət edilir. Bu da məhsulun müasir standartlara uyğun istehsalına və keyfiyyətinə təminat yaradır.

"gobustone" məsaməli beton bloklarının xüsusiyyətləri:

• Termoizolyasiyalı - istilik keçirməmək xüsusiyyəti kərpicdən 6 dəfə üstündür;
• Ekoloji baxımdan təhlükəsiz - toksik deyil;
• Səs izolyasiyalı - digər tikinti materiallardan dəfələrlə üstündür;
• Yanğına davamlı - 10 sm. qalınlığı olduqda yanğına 2 saatdan yuxarı davamlı olur;
• Təzyiqə və zəlzələyə davamlıdır;
• Asan emal olunan - asanlıqla işlənir və digər tikinti materiallarına nisbətən 3 dəfə tez inşa edilir;
• Yüngül çəkili - yüngül çəki ilə iri və dəqiq ölçülər;
• İqtisadı cəhətdən qənaətli - enerjiyə 30-40%, bünövrənin inşası zamanı məsrəflərə 20-30% qənaət edilir.

Müasir texnologiya ilə təchiz olunmaqla yanaşı "AAC" Müasir Tikinti Materialları Zavodu həm də "yaşıl" zavoddur. Belə ki, ərazinin 20%-ni yaşıllıq təşkil edir. Həmçinin buradakı istehsalat tamamilə tullantısızdır. İstehsalat qalıqları yenidən emal olunur, zavodun məişət və texniki suları isə təmizlənib təkrarən istifadəyə verilir.

Zavodda peşəkar işçi heyəti formalaşmışdır. Bu məqsədlə əməkdaşlar üçün Almaniyanın "Wehrhahn" şirkətində, Türkiyənin analoji zavodlarında treninqlər təşkil edilmişdir. Burada işçilər üçün ayrıca yeməkxana, xüsusi iş geyimləri təminatı, tibbi və icbari sığorta, əmək təhlükəsizliyinə xüsusi nəzarət və əmakdaşların daşınması üçün nəqliyyat vasitələri mövcuddur. Hazırda zavodda 130 nəfər işçi çalışır. Orta aylıq əmək haqqı 760 manatdır.

Zavod ölkənin daxili tikinti bazarını təmin etməklə yanaşı, gələcəkdə məhsullarının ixracını planlaşdırır. "AAC"-nin baş direktoru Teymur Abdurəhimovun dediyinə görə, şirkətin məqsədi nəinki Azərbaycanın tikinti bazarını təmin etmək, həmçinin gələcəkdə qonşu dövlətlər - Rusiya, İran və Gürcüstana məhsulun idxalını həyata keçirməkdir. Çünki məsaməli beton məhsullarına tələbat böyükdür və getdikcə də artır. Azərbaycanda isə daha geniş çeşidli məhsul istehsal edəcək bu cür 2-ci zavodun tikilişi nəzərdə tutulur.

Əminliklə demək olar ki, Azərbaycanda inşa edilmiş bu müəssisə dünyada mövcud olan, eyni prinsiplə fəaliyyət göstərən istənilən zavodla müqayisə edilə biləcək səviyyəyə malikdir. "Wehrhahn" şirkətinin prezidenti cənab Klaus Bönemannın fikrincə "AAC" Müasir Tikinti Materialları Zavodu komplektasiya baxımından nümunəvi hesab olunur. Belə olduğu halda Azərbaycanın inşaat sahəsində yeni bir dövr başlayır və bu cür zavodun tikilməsi barədə qərarın qəbulu çox böyük təqdirəlayiqdir.

.

Xəbər lenti

Xəbər lenti