Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir A.Axundov/
Parlamentin İqtisadi siyasət komitəsi cümə axşamı keçirilən iclasın yekunları üzrə Milli Məclisə "Təhsil kreditləri haqqında" qanun layihəsinə baxılmasını tövsiyə edib.
"Azərbaycanda hər üç tələbədən ikisi ödənişli təhsil alır, orta təhsilhaqqı isə ildə 2000-2500 manat təşkil edir. Tələbələrin heç də hamısı belə maliyyə yükünün öhdəsindən gələ bilmir, ona görə də bu gün belə qanunun qəbuluna ehtiyac var", - Trend-in məlumatına görə, deputat Əli Məsimli iclasda deyib.
Qanun layihəsinə görə, kreditlər ali və orta təhsil müəssisələrinin maliyyələşdirilməsi üçün veriləcək.
İclasda qeyd olunub ki, gələcəkdə belə kreditlərin orta məktəblərin və digər tədris müəssisələrinin şagirdlərinə verilməsi də mümkün olacaq.
Kreditlər iki formada veriləcək - kommersiya xarakterli təhsil kreditləri və sosial xarakterli təhsil kreditləri. Onlar təyinat xarakterinə görə də iki istiqamətə ayrıla bilərlər. Kreditlər əsas təhsil xərclərinin ödənilməsi və ya borcalanın təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və s. ilə əlaqədar xərclərini ödəmək üçün verilən kreditlər. Kreditlər dövlət vəsaiti, bankların vəsaitləri və qanunla qadağan olunmayan digər vəsaitlər hesabına verilə bilər.
Qanun layihəsinə görə, təhsil kreditinin məbləği borcalanın birbaşa təhsil haqqının və təhsillə bağlı digər xərclərinin tam ödənilməsi üçün yetərli olmalıdır. Təhsil kreditinin birbaşa təhsillə bağlı hissəsinin illik məbləği borcalanın əsas təhsil xərcləri məbləğindən az ola bilməz. Əlaqədar təhsil xərclərinin məbləği, orta aylıq kirayə xərcləri yaşayış minimumunun iki mislindən artıq ola bilməz.
Təhsil krediti alan şəxs hər bir təhsil pilləsi üzrə (bakalavriat, magistratura, doktorantura) yalnız bir kredit müqaviləsində iştirak edə bilər.
"Kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilir. Təhsil kreditlərinin maksimal faiz dərəcəsi bütün müvəkkil banklar üçün eynidir. Borcalan, aldığı kommersiya və sosial təhsil kreditlərini bu qanunla müəyyənləşdirilmiş qaydada və təhsil kreditləri müqaviləsində nəzərdə tutlan şərtlər daxilində 20 ildən çox olmayan müddətdə qaytarmalıdır", - qanun layihəsində deyilir.
Məsimlinin sözlərinə görə, ilkin məlumatlara görə, bunun üçün dövlət büdcəsindən ildə 15 milyon manat vəsaitin ayrılması tələb olunur ki, bu da büdcədən təhsil üçün ayrılan vəsaitin bir faizindən azdır.
"Onlar büdcədə təhsil üçün nəzərdə tutulan vəsaitdən ayrılmayacaq, əlavə xərc maddəsidir", - o deyib.
"Təhsil kreditləri haqqında" qanunun və müvafiq proqramın reallaşması vəziyyəti Hesablama Palatasının illik hesabatına salınır və ildə bir dəfə Milli Məclisə hesabat verilir.
Yanvarın 19-na olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.