Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir N.İsmayılova/
2011-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə (MKR) ölkənin 42 bank və 8 bank olmayan kredit təşkilatından (BOKT) 501 669 müraciət daxil olub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AMB-nin saytında dərc edilən məlumatda deyilir.
Azərbaycanda 44 bank və 27 BOKT fəaliyyət göstərir.
Hesabat dövründə ümumilikdə reyestrə 503 163 sorğu daxil olub. 2010-cu illə müqayisədə sorğuların ümumi sayı 1,96 dəfə artıb. Bu dövr ərzində öz kredit tarixi haqqında məlumat almaq məqsədilə reyestrə 1494 fiziki şəxs müraciət edib (2010-cu il ərzində 298 müraciət).
2011-ci ilin yekunlarına olan məlumata əsasən, kredit reyestrində borcluların sayı 1 179 711 olub, kredit məlumatlarının ümumi sayı isə 2 890 334 təşkil edib. Reyestrdə olan zaminlər haqqında məlumatların sayı 411 688 təşkil edir.
MKR 2005-ci ildən fəaliyyət göstərməyə başlayıb. 2011-ci ilin fevralından başlayaraq kredit reyestrində fiziki şəxslər üzrə şəxsi məlumatlar pulsuz şəkildə təqdim edilir, hüquqi şəxslər, yəni kommersiya bankları və BOKT hər bir sorğuya görə 2 manat ödəyir. Kredit reyestri kommersiya məqsədləri daşımır, tariflər inzibati xərclərin ödənilməsi üçün tətbiq edilir.
Yanvarın 26-na olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.