Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir E. İsmayılov/
Bakı Beynəlxalq Avtovağzalında həm daxili, həm də beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusların yola salınması və qəbulu normallaşıb. Bu barədə şənbə günü Trend-ə avtovağzaldan məlumat verilib.
"Vəziyyət normallaşır və hazırda bütün reyslər qrafikə uyğun qəbul edilir və yola salınır. Eyni zamanda, havanın soyuq və qarlı olması səbəbindən başqa günlərlə müqayisədə xeyli azalan sərnişin axını da güclənib", - avtovağzaldan qeyd edilib.
Ötən həftənin sonunda Azərbaycanda hava şəraiti kəskin pisləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, Bakıda şaxtalı hava şəraiti fevralın 5-dək hökm sürəcək.
Fevralın 4, 5 və 6-da gecələr havanın temperaturu mənfi 5-10 dərəcə təşkil edəcək.
Şənbə və bazar günləri Bakıda havanın temperaturu 0 - 1 dərəcə şaxta təşkil edəcək.
Fevralın 6-da havanın temperaturunun gündüz müsbət 2 dərəcə təşkil edəcəyinə baxmayaraq fevralın 7-də ölkə ərazisinə soyuq hava kütləsinin daxil olacağı və yenidən çovğunla müşahidə olunan qarlı və şaxtalı hava şəraitinin hökm sürəcəyi gözlənilir.