...

Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər üçün yeni idarəetmə sistemləri lazımdır - dövlət müşaviri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 17:09 (UTC +04:00)
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında islahatlara istiqamətlənmiş onlarla konkret məqsədli proqramlar hazırlanacaq.
Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər üçün yeni idarəetmə sistemləri lazımdır - dövlət müşaviri

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir A.Axundov/

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası əsasında islahatlara istiqamətlənmiş onlarla konkret məqsədli proqramlar hazırlanacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda keçirilən İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu zamanı Azərbaycan Prezidenti Administrasiyasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov bildirib.

"Konsepsiyanın əsas məqsədi ölkədə islahatların sürətləndirilməsi əsasında keyfiyyətcə yeni idarəetmə sistemlərinin yaradılmasıdır və bununla da iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaqdır. Konsepsiya əsasında islahatlara istiqamətlənmiş onlarla konkret məqsədli proqramlar hazırlanacaq. Biz aydın başa düşürük ki, lokal xarkaterli müxtəlif islahatlar sağlam mühitə söykənməlidir, əks halda, onların əhəmiyyəti az olacaq. Buna görə də hesab edirəm ki, ilk növbədə, inhisarçılıq, korrupsiya və inflyasiyanı məhdudlaşdıran islahatlar aparılmalıdır. Bu, iqtisadiyyatın hər bir sahəsinin daxili potensialının inkişafı üçün çox vacibdir", - Axundov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda cari il ərzində 2020-ci ilə qədər dövrü əhatə edən inkişaf konsepsiyasının hazırlanması forum çərçivəsində müzakirə ediləcək məsələlərin əhəmiyyətini müəyyənləşdirir.

"Azərbaycanın həmişə Dünya Bankı və digər beynəlxalq təşkilatlarla sıx, hərtərəfli, sistemli və səmərəli əlaqələri mövcud olub və əminəm ki, bu əlaqələr gələcəkdə də inkişaf edəcək. Bu, ilk növbədə ona görə bizə lazımdır ki, qloballaşan dünyada səmərəli sistemlərin tətbiqi, irimiqyaslı investisiya layihələrinin ekspertizası, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, müxtəlif sahələrdə islahatların həyata keçirilməsi, ölkənin inkişafının alternativ yollarının qiymətləndirilməsi vacibdir", - Axundov deyib.

Xəbər lenti

Xəbər lenti