...

Azərbaycanda haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 300 min manatdan çox sanksiya tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2012 16:40 (UTC +04:00)
Astara rayonunda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda növbəti tədbir təşkil edilib.
Azərbaycanda haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 300 min manatdan çox sanksiya tətbiq edilib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Astara rayonunda "Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır" mövzusunda növbəti tədbir təşkil edilib. Bu barədə cümə axşamı Trend-ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Konfransda Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Astara rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 300-yə yaxın istehlakçı iştirak edib.

Konfransı giriş sözü ilə açan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Vidadi Quliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını, məşğulluğun artdığını vurğulayıb. Qeyd edilib ki, Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İnzibati xətaya yol vermiş təsərrüfat subyektlərinə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 1287,8 min manat cərimə tətbiq olunub. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol vermiş təsərrüfat subyektlərinə 306,8 min manat maliyyə sanksiyası tətbiq edilib.

Dövlət Xidməti tərəfindən ötən il ərzində sahibkarlara və istehlakçılara 13 adda 160 min ədəd buklet paylanıb.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları "İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir", "Ərzaq malları alarkən nələrə diqqət yetirməli" mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Konfrans çərçivəsində iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar da paylanıb.

Xəbər lenti

Xəbər lenti